Azərbaycan.media xəbər verir ki, aprelin 7-də Bancul şəhərində Azərbaycan Xarici İşlər Nazirliyi ilə Qambiya Xarici İşlər, Beynəlxalq Əməkdaşlıq və Xaricdə Yaşayan Qambiyalılar Nazirliyi arasında siyasi məsləhətləşmələrin ilk iclası baş tutub.
Məlumata görə, məsləhətləşmələrdən əvvəl xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin rəhbərlik etdiyi nümayəndə heyəti Qambiya Prezident Aparatının rəhbəri Aliyu Lum ilə nəzakət görüşü keçirib.
Görüşdə Azərbaycan ilə Qambiya arasında qarşılıqlı hörmət və həmrəylik əsasında qurulmuş münasibətlərdən məmnunluq ifadə olunub, əməkdaşlığın genişləndirilməsi və yeni istiqamətlərin müəyyənləşdirilməsinin vacibliyi vurğulanıb.
Daha sonra Yalçın Rəfiyev və Qambiya tərəfdən Lanq Yabunun həmsədrliyi ilə siyasi məsləhətləşmələrin ilk iclası keçirilib.
İclas zamanı iqtisadiyyat, ticarət, təhsil, turizm, enerji və iqlim dəyişmələri ilə mübarizə sahələrində əməkdaşlıq imkanlarının genişləndirilməsi müzakirə olunub. Qambiyada insan kapitalının inkişafına Azərbaycanın verdiyi töhfələr və həyata keçirilən humanitar layihələr də yüksək qiymətləndirilib.
Tərəflər çoxtərəfli platformalarda, xüsusilə BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd ediblər.
Eyni gündə Azərbaycan nümayəndə heyəti Bancul şəhərinin meri Rohey Malik Lov ilə də görüş keçirib. Görüşdə Azərbaycanın ev sahibliyi edəcəyi Ümumdünya Şəhərsalma Forumu və humanitar sahədə əməkdaşlıq imkanları müzakirə olunub.
