Azərbaycan.media xəbər verir ki, Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 12-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının keçiriləcəyini açıqlayıb.
İmtahan Bakı şəhərinin Sabunçu (I hissə), Xəzər (I hissə), Yasamal, Binəqədi rayonlarında, eləcə də Sumqayıt (I hissə), Gəncə (II hissə), Mingəçevir şəhərlərində və ölkənin bir sıra rayonlarında təşkil olunacaq.
DİM-dən bildirilib ki, imtahan saat 11:00-da başlayır. Saat 10:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaq.
Şagirdlərin imtahan binasına rahat daxil olması üçün fərqli gəlmə vaxtları müəyyən edilib və bu vaxt buraxılış vərəqəsində göstərilib. Buna görə iştirakçılara həmin vaxtda gəlmək tövsiyə olunur.
İmtahan zamanı mobil telefon, ağıllı saat, kalkulyator, elektron cihazlar, konspekt, lüğət, çanta və digər yardımçı vasitələrin gətirilməsi və istifadəsi qadağandır.
Şagirdlər imtahana aşağıdakı sənədləri təqdim etməlidirlər:
- İmtahana buraxılış vərəqəsi
- Şəxsiyyəti təsdiq edən sənədin əsli
- Zərurət olduqda fotoşəkilli arayış
Qeyd edilib ki, iştirakçılar buraxılış vərəqələrini aprelin 1-dən etibarən DİM-in rəsmi saytından çap edə bilirlər.
Ümumilikdə ölkə üzrə 216 imtahan binası və 3837 imtahan zalı ayrılıb. İmtahan prosesinə 627 rəhbər, 4800 nəzarətçi və yüzlərlə mühafizə əməkdaşı cəlb olunub.
İmtahanda 52 687 şagirdin iştirakı nəzərdə tutulur. Eyni zamanda, 34 nəfər sağlamlıq imkanları məhdud şagird üçün xüsusi şərait yaradılıb və onlar üçün ayrıca zallar ayrılıb.
Hazırda imtahanın təşkili ilə bağlı bütün hazırlıq işləri tamamlanıb, təhlükəsizlik tədbirləri gücləndirilib və imtahan mərkəzləri mühafizəyə götürülüb.
