Azərbaycan.media xəbər verir ki, Əfqanıstan və Pakistan Urumçidə keçirilən sülh danışıqları zamanı münaqişənin hərtərəfli həllinin araşdırılması barədə razılığa gəliblər.
Reuters agentliyinə istinadən yaydığı məlumata görə, bunu Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninq gündəlik brifinqdə açıqlayıb.
Onun sözlərinə görə, görüşlər zamanı tərəflər vəziyyətin gərginləşməsinə və ya mürəkkəbləşməsinə səbəb ola biləcək addımlardan çəkinmək barədə ortaq mövqe sərgiləyiblər.
Mao Ninq bildirib ki, Çin hər iki ölkə ilə əlaqələri davam etdirəcək və dialoq üçün platforma təqdim etməyi sürdürücək.
Qeyd edək ki, aprelin 1-də Əfqanıstan və Pakistan Çin vasitəçiliyi ilə sərhəddə gərginliyin azaldılması məqsədilə danışıqlara start veriblər. Danışıqlar əfqan tərəfinin təşəbbüsü ilə Urumçidə üç ölkənin müvafiq qurumlarının nümayəndələrinin iştirakı ilə baş tutub. Çin tərəfi etimadın möhkəmləndirilməsi və gərginliyin azaldılması istiqamətində addım kimi tərəflər arasında ticarət əlaqələrinin bərpasını dəstəklədiyini bildirib.
