Azərbaycan.media xəbər verir ki, Gürcüstanın paytaxtı Tbilisidə Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin inşasına qərar verilib.
Mərkəz zəruri ictimai ehtiyac layihəsi kimi qiymətləndirilir.
Sənəddə qeyd olunur ki, uzun illərdir Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrı fəaliyyət göstərir, lakin Qorqasali küçəsində yerləşən binası fəaliyyət üçün yetərsizdir və qəzalı vəziyyətdədir. Azərbaycan və Gürcüstanın siyasi rəhbərliyi Qorqasali küçəsi 25 ünvanında teatr üçün yeni binanın tikintisinə qərar verib. 2023-cü ilin oktyabrın 27-də yeni binanın təməlqoyma mərasimi keçirilib.
Daha sonra layihələndirmə mərhələsində məlum olub ki, torpaq sahəsi tikinti üçün kifayət etmir. Bu səbəbdən hər iki ölkənin rəhbərliyi tikinti meydançasının genişləndirilməsi qərarını qəbul edib və həmin ərazidə Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin inşası planlaşdırılır.
Mərkəzin binası 5,380 m² sahəni əhatə edəcək və konsert zalı, eləcə də mədəni tədbirlər üçün müxtəlif məkanlar yaradılacaq. Çoxfunksiyalı mərkəz həm mədəni, həm də akademik proqramların həyata keçirilməsi üçün nəzərdə tutulub.
Yeni mərkəz mədəni turizmin inkişafına töhfə verəcək, beynəlxalq sərgilərin, festivalların və digər mədəni tədbirlərin keçirilməsi üçün mühüm platforma olacaq. Bunun nəticəsində iqtisadi fəallığın artması və investisiya mühitinin yaxşılaşdırılması da mümkün olacaq.
