🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Hamiləlik dövründə təhlükəli qidalar: mütəxəssislər xəbərdarlıq edir

Azərbaycan.media xəbər verir ki, hamiləlik dövründə ananın qidalanma vərdişləri yalnız öz sağlamlığına deyil, həm də bətnindəki körpənin inkişafına birbaşa təsir göstərir.
Mütəxəssislərin sözlərinə görə, bu dövrdə bəzi qidalardan qəti şəkildə uzaq durmaq lazımdır. Qeyd olunur ki, düzgün qidalanma qaydalarına əməl edilməməsi vaxtından əvvəl doğuş, düşük, infeksiyalar və anadangəlmə qüsurlar kimi ciddi fəsadlara yol aça bilər. Bu baxımdan həm ana, həm də körpənin sağlamlığını qorumaq üçün düzgün və məlumatlı qida seçimi vacib hesab olunur.
İnfeksiya riski yaradan qidalar
Mütəxəssislər bildirirlər ki, çiy və ya az bişmiş ət və dəniz məhsulları ən riskli qidalar sırasındadır. Bu məhsulların tərkibində olan zərərli mikroorqanizmlər ana və döl üçün ciddi təhlükə yarada bilər. Xüsusilə suşi və oxşar dəniz məhsullarının istehlakı tövsiyə edilmir.
Bundan əlavə, pasterizə olunmamış süd və süd məhsulları da infeksiya riskini artırır. Mənşəyi məlum olmayan yumşaq pendirlər və təzə süd məhsulları bakterial yoluxmalara səbəb ola bilər. Çiy yumurta və onun tərkibində olduğu məhsullar da təhlükəli hesab olunur. Ev şəraitində hazırlanan mayonez, desertlər və bəzi souslarda rast gəlinən Salmonella bakteriyası hamiləlik dövründə ciddi problemlər yarada bilər.
Zəhərli maddələr və digər risklər
Həkimlər civə ilə zəngin balıqlardan uzaq durmağı tövsiyə edirlər. Kral skumbriyası, qılınc balığı, köpəkbalığı və tuna kimi iri balıqlarda yüksək civə tərkibi körpənin sinir sisteminin inkişafına mənfi təsir göstərə və qalıcı zədələrə səbəb ola bilər.
Eyni zamanda, emal olunmuş ət məhsulları və kolbasalar yüksək duz, nitrit və digər qatqı maddələrinə görə riskli sayılır. Kofein qəbulunun da məhdudlaşdırılması tövsiyə olunur. Belə ki, gündəlik 200 mq-dan artıq kofein qəbulu düşük və vaxtından əvvəl doğuş ehtimalını artıra bilər. Bu səbəbdən qəhvə, çay, qazlı içkilər və enerji içkilərinin istifadəsində ehtiyatlı olmaq vacibdir.