Azərbaycan.media xəbər verir ki, Rusiya qoşunları 2026-cı ilin yaz-yay mövsümü üçün planlaşdırılan hücum çərçivəsində Ukraynanın Donetsk vilayəti ərazisində yerləşən əsas müdafiə xətti – “qalalar zolağı”na qarşı əməliyyatlara başlayıb.
Məlumata görə, Müharibənin Öyrənilməsi İnstitutu (ISW) analitikləri bildirirlər ki, Rusiya qüvvələri Liman istiqamətində quru əməliyyatlarını aktivləşdirərək şimal-şərqdən Slavyansk şəhərinə doğru irəliləməyi hədəfləyir. Bu addımın növbəti mərhələdə Slavyanska şərq və cənub-şərqdən hücum üçün zəmin yaratdığı qeyd olunur.
Ekspertlərin fikrincə, Liman Slavyanska gedən yolda əsas dayaq nöqtələrindən biridir və həm Slavyanskın, həm də Kramatorsk şəhərinin ələ keçirilməsi üçün strateji əhəmiyyət daşıyır.
Hesabatda həmçinin vurğulanır ki, Rusiya qoşunları Konstantinovka və Kramatorsk istiqamətlərində də quru əməliyyatlarını genişləndirmək üçün şərait formalaşdırır. Məqsəd “qalalar zolağı”na cənub istiqamətindən hücumu gücləndirməkdir.
Beləliklə, Rusiya qüvvələrinin eyni anda bir neçə istiqamətdən – həm şimal-şərqdən (Liman tərəfdən), həm də cənubdan (Kramatorsk və Konstantinovka istiqamətlərindən) hücum planlaşdırdığı bildirilir. Bu isə Ukraynanın əsas müdafiə xəttini çoxşaxəli təzyiq altında saxlamaq strategiyasına işarə edir.
