Azərbaycan.media xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportu qlobal reytinqlərdə növbəti uğura imza ataraq “Mərkəzi Asiya və MDB-nin Ən Yaxşı Hava Limanı” nominasiyası üzrə nüfuzlu Skytrax World Airport Awards 2026 mükafatına layiq görülüb.
Məlumata görə, mükafat martın 18-də London şəhərində keçirilən Passenger Terminal Expo World (PTE World) sərgisi çərçivəsində təşkil olunan rəsmi mərasim zamanı təqdim edilib.
“World Airport Awards” aviasiya sənayesində ən nüfuzlu beynəlxalq mükafatlardan biri hesab olunur və dünya üzrə sərnişinlər arasında keçirilən genişmiqyaslı müstəqil sorğular əsasında müəyyənləşdirilir. 1999-cu ildən təqdim olunan bu mükafatlar 565-dən çox hava limanında sərnişin təcrübəsini əhatə edən qiymətləndirmələrə əsaslanır.
Qiymətləndirmə zamanı qeydiyyat, təhlükəsizlik və pasport nəzarəti, tranzit zonaları, alış-veriş və xidmət sahələri, eləcə də minik prosesinə qədər bütün mərhələlər nəzərə alınır.
Heydər Əliyev Beynəlxalq Aeroportunun ardıcıl olaraq bu mükafata layiq görülməsi onun inkişaf edən xidmət standartlarının, davamlı inkişaf strategiyasının və regional liderlik mövqeyinin növbəti təsdiqi kimi qiymətləndirilir. Müasir infrastrukturu, sərnişinyönümlü xidmət modeli və innovativ texnoloji həlləri ilə hava limanı regionun əsas aviasiya qovşaqlarından biri kimi mövqeyini gücləndirməyə davam edir.
Azərbaycan.media
