Azərbaycan.media xəbər verir ki, müqəddəs Ramazan ayı münasibətilə Biləsuvar rayonunda geniş iftar süfrəsi təşkil olunub.
Biləsuvar Rayon İcra Hakimiyyəti tərəfindən təşkil edilən mərasimdə rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirə Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə və müəssisə rəhbərləri, şəhid ailələri, qazilər, aztəminatlı ailələrin üzvləri və din xadimləri qatılıblar.
Mərasim zamanı çıxış edənlər Ramazan ayının cəmiyyətimizdə birlik, həmrəylik, mərhəmət və paylaşma dəyərlərini daha da möhkəmləndirdiyini vurğulayıblar. Qeyd olunub ki, iftar süfrələrinin təşkili artıq ölkəmizdə gözəl ənənəyə çevrilərək dövlət və din münasibətlərinin yüksək səviyyədə olmasının bariz nümunəsi kimi çıxış edir.
Çıxışlarda bildirilib ki, Azərbaycanda sabitlik, inkişaf və tolerant mühitin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu siyasi kurs hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Aparılan məqsədyönlü siyasət nəticəsində ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması, dinlər və xalqlar arasında qarşılıqlı hörmət mühiti daha da gücləndirilib və tolerantlıq dövlət siyasətinin əsas prioritet istiqamətlərindən birinə çevrilib.
Eyni zamanda, tədbirdə qeyd edilib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi zamanı şanlı qələbə qazanaraq torpaqlarımızı uzunmüddətli işğaldan azad edib və tarixi ədalət bərpa olunub. Şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı xüsusi vurğulanaraq onların gənc nəsil üçün örnək olduğu bildirilib.
Tədbirin sonunda din xadimləri tərəfindən “Qurani-Kərim”dən ayələr oxunub, Ramazan ayının fəzilətləri haqqında geniş söhbətlər aparılıb və ölkəmizdə sülh, əmin-amanlıq və rifah üçün dualar edilib.




Mənbə: Azərbaycan.media
