Azərbaycan.media xəbər verir ki, bayramdan sonra işə qayıtmaq bir çox insan üçün çətin adaptasiya prosesi ilə müşayiət olunur. Uzunmüddətli istirahətdən sonra iş rejiminə dönüş zamanı motivasiya azalır, diqqəti toplamaq çətinləşir və stress səviyyəsi yüksəlir.
Mövzu ilə bağlı Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov bildirib ki, bayramdan əvvəl və sonrakı dövrlər çalışan insanlar üçün xüsusi adaptasiya mərhələsi hesab olunur.
Onun sözlərinə görə, bu dövrdə emosional vəziyyətin dəyişməsi tamamilə normal psixoloji reaksiyadır. Bayram günlərində daha sərbəst həyat tərzi, sosial ünsiyyət və istirahət fonunda beyində “məmnunluq hormonları” artır, işə qayıdış zamanı isə məsuliyyət və qaydaların yenidən artması müəyyən psixoloji eniş yaradır.
Psixoloq qeyd edib ki, motivasiyanın azalmasının əsas səbəbi məhz bu kəskin kontrastdır. Bayram dövründə yuxu rejiminin pozulması, fiziki aktivliyin azalması və qidalanma vərdişlərinin dəyişməsi də enerji səviyyəsinə mənfi təsir göstərir. Nəticədə insanlar işə başlasalar da, əvvəlki məhsuldarlıq səviyyəsinə dərhal qayıda bilmirlər.
Elnur Rüstəmovun sözlərinə görə, iş mühiti də adaptasiya prosesində mühüm rol oynayır. Yüksək stressli və intensiv iş şəraitində bu mərhələ daha çətin keçir. Əksinə, dəstəkləyici mühit və mərhələli şəkildə işə qayıdış prosesi xeyli asanlaşdırır.
O əlavə edib ki, bayramdan sonra adaptasiya müddəti adətən bir neçə gündən bir həftəyə qədər davam edir. Lakin bəzi hallarda bu proses daha uzun çəkə bilər. Əgər motivasiya itkisi və yorğunluq iki həftədən artıq davam edirsə, bu, daha ciddi psixoloji faktorların göstəricisi ola bilər.
Sonda psixoloq vurğulayıb ki, bu dövr “yenidən uyğunlaşma mərhələsi” kimi qəbul edilməli, insanlar özlərindən dərhal yüksək performans gözləməməli, iş rejiminə tədricən qayıtmalı və gündəlik vərdişlərini bərpa etməlidirlər. Bu yanaşma həm emosional sabitliyi qoruyur, həm də uzunmüddətli məhsuldarlığın təmin olunmasına kömək edir.
