Azərbaycan.media xəbər verir ki, Novruz və Ramazan bayramı ilə əlaqədar Bakı Metropoliteni QSC-nin iş rejimi dəyişdirilir.
Məlumata görə, bayram günlərində metropoliten gücləndirilmiş iş qrafiki ilə fəaliyyət göstərəcək.
Belə ki, “28 May–Əhmədli” və əks istiqamətdə 20-21, 25-28 və 30 mart tarixlərində qatarlararası interval 2,5 dəqiqə olacaq. Həmin günlərdə ehtiyat qatarlar da xəttə buraxılmaq üçün hazır saxlanılacaq. Martın 22-24-ü və 29-da isə bu sahədə interval 3 dəqiqəyədək artırılacaq.
Martın 20-dən 31-nə qədər “Həzi Aslanov–Əhmədli” sahəsində qatarlararası interval 7 dəqiqə müəyyən edilib.
Digər istiqamətlərdə isə intervallar “Avtovağzal–8 Noyabr” xəttində 7 dəqiqə, “Avtovağzal–Xocəsən” xəttində isə 14 dəqiqə təşkil edəcək.
“Bakmil” istiqamətində qatarların hərəkəti 20-21, 25-28 və 30 mart tarixlərində şənbə, martın 22-24-ü və 29-da isə bazar gününün qrafikinə uyğun tənzimlənəcək.
Qeyd olunub ki, bayram günlərində sərnişinlərin metrodan rahat və təhlükəsiz istifadəsini təmin etmək məqsədilə nəzarət tədbirləri gücləndiriləcək, bütün xətlər üzrə növbətçilik cədvəlinə uyğun əlavə işçi qüvvəsi cəlb olunacaq.
