MƏN SÖZÜN ÜSTÜNDƏ ELƏ
ƏSMİŞƏM,
HEÇ ANAM ÜSTÜMDƏ BELƏ
ƏSMƏYİB.
14 mart 2026-cı il tarixində Sumqayıt şəhərinin gözəl, səfalı dənizkənarı parkında yerləşən Sumqayıt Muğam Mərkəzində çağdaş Azərbaycan ədəbiyyatında sözü və ruhu ilə özünəməxsus yer tutan şair Sabir Sarvanın 70 illiyinə həsr olunmuş anım tədbiri keçirildi.
Sözün sehrinə, poeziyanın işığına yığışan ədəbiyyat adamları, sənətsevərlər və şairin dostları bu görüşdə yalnız bir sənətkarı deyil, həm də bütöv bir dövrün mənəvi yaddaşını yad edirdilər.
Tədbiri giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt filialının sədri Gülnarə Camaləddin açdı. O, filialın təşəbbüskarı və yaradıcısı olmuş, iyirmi il bu quruma rəhbərlik etmiş Sabir Sarvanın ədəbi mühitdə gördüyü işlərdən, gənc qələm sahiblərinin yetişməsində göstərdiyi qayğıdan və Sumqayıtın ədəbi həyatına gətirdiyi canlı nəfəsdən danışdı. Daha sonra tədbirin aparıcısı Nərgiz xanıma söz verildi.
Aparıcı Nərgiz xanım Sabir Sarvanın həyat və yaradıcılığına qısa nəzər salaraq bildirdi ki, şair yalnız poeziya yazmırdı, o, sözü yaşadırdı. Onun sözündə insanın ağrısı, torpağın həsrəti və millətin ruhu yaşayırdı.
Nərgiz xanım şairin ömrünün son günlərində xəstəxanada həkimlə arasında baş verən təsirli dialoqu xatırlatdı. Həkimin:
— “Şair, necəsən?” sualına Sabir Sarvanın verdiyi cavab tədbir iştirakçılarını dərindən kövrəltdi:
— “Məni ölüm qorxutmur, həkim… Mənim qorxum torpaqlarımızın azad olunduğunu görə bilməməkdir.”
Bu sözlərin səsləndiyi zalda dərin sükut hökm sürdü. Sonra torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında iştirakçılar bir dəqiqəlik sükuta durdular.
Daha sonra aparıcı tədbirin proqramı ilə qonaqları tanış etdi və söz şairin gənclik illərindən dostu olan Aydın Hüseynova verildi. Milli Məclisin deputatı Aydın müəllim Sabir Sarvanla bağlı xatirələrini böyük sevgi və səmimiyyətlə bölüşdü. O, şairin sadəliyindən, insanlara bağlılığından, eyni zamanda sözə qarşı hədsiz məsuliyyətindən danışdı və qeyd etdi ki, Sabir Sarvanın poeziyası yalnız oxunan deyil, yaşanan poeziyadır.
Növbəti çıxışçı — Məti Osmanoğlu oldu. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin üzvü olan tanınmış ədəbi tənqidçi və alim Məti Osmanoğlu Sabir Sarvanla “Gənclik” jurnalında birgə fəaliyyət illərini xatırladı. O, şairin poeziyasının əsas xüsusiyyətlərindən — səmimiyyətdən, milli ruhdan və dilə olan həssas münasibətindən bəhs etdi.
Sonrakı çıxışlarda Sabir Sarvanın Sumqayıt şəhərində yaşadığı və fəaliyyət göstərdiyi illərdə onunla çiyin-çiyinə olmuş dostları, həmkarları və qələm yoldaşları söz alaraq şairlə bağlı xatirələrini bölüşdülər. Onların hər biri Sabir Sarvanın yalnız şair kimi deyil, həm də insan kimi böyüklüyünü vurğulayırdı.
Tədbirdə Sabir Sarvan poeziyasının işığına toplaşaraq şairin xatirəsinə ehtiram göstərmək üçün Ağsu rayonundan təşrif buyurmuş “Ağsu Yazarları” Ədəbi Birliyinin üzvləri də iştirak edirdilər. Birliyin sədri, tanınmış şair və alim Raqif Nazimoğlu çıxış edərək Sabir Sarvan yaradıcılığının Azərbaycan poeziyasında tutduğu yeri yüksək qiymətləndirdi. O qeyd etdi ki, Sabir Sarvanın şeirlərində sözün məsuliyyəti, vətən sevgisi və insan ruhunun dərin qatları öz əksini tapır.
Tədbirin maraqlı məqamlarından biri də hər bir çıxışdan sonra səsləndirilən musiqi nömrələri və video müraciətlər oldu. Qardaş Türkiyənin tanınmış ədəbiyyat nümayəndələri də video müraciət vasitəsilə Sabir Sarvan yaradıcılığı haqqında fikirlərini bölüşdülər, şairin şeirlərindən nümunələr səsləndirdilər və onun xatirəsini ehtiramla yad etdilər. Bu müraciətlər tədbirə beynəlxalq ədəbi nəfəs qataraq Sabir Sarvan sözünün sərhədləri aşan gücünü bir daha nümayiş etdirdi.
Sonda şairin ailə üzvləri adından qardaşı çıxış edərək tədbir iştirakçılarına, bu tədbirin hazırlanıb keçirilməsində zəhməti olan hər bir kəsə minnətdarlığını bildirdi.
Bu anım gecəsi bir daha göstərdi ki, əsl şairlər zamanın fövqündə dayanırlar. Onların ömrü təqvimlə ölçülmür, sözlə ölçülür. Sabir Sarvan da məhz belə sənətkarlardandır. O, şeirlərində yalnız duyğularını deyil, bütöv bir xalqın ağrısını, ümidini və mənəvi dünyasını ifadə etməyi bacaran söz adamı idi. Onun poeziyasında Vətən sevgisi, insan taleyi və milli ruh bir-birinə qovuşaraq xüsusi bir poetik aləm yaradır.
Sumqayıtda keçirilən bu anım tədbiri bir daha sübut etdi ki, şairin sözü yaşayır və yaşayacaq. Çünki sözün taleyi onu yazan qəlbin böyüklüyündən asılıdır. Sabir Sarvan isə sözə elə bir sədaqətlə yanaşmışdı ki, bu sədaqət onun şeirlərini illər keçsə də köhnəltməyəcək. Onun poeziyası təkcə bir nəslin deyil, gələcək nəsillərin də mənəvi yaddaşında yaşayacaq.
Elə buna görə də həmin gün Sumqayıt Muğam Mərkəzində toplaşanlar sadəcə bir şairi xatırlamırdılar. Onlar sözə ehtiramlarını, poeziyaya sevgilərini və milli ədəbiyyata sədaqətlərini nümayiş etdirirdilər. Çünki sözün qədrini bilən xalq üçün şairlər heç vaxt unudulmur — onlar yaddaşda, kitab səhifələrində və insanların qəlbində yaşamaqda davam edirlər.
Və həmin gün bir daha hiss olundu ki, Sabir Sarvanın özü demişkən, o, sözün üstündə necə əsmişdisə, bu gün də onun sözü poeziya sevərlərin qəlbində elə əziz, elə həssaslıqla qorunur.

Elxas Comərd,
AYB-nin, “İti Qələm” Respublika Ədəbi Birliyinin və “Ağsu Yazarları” Ədəbi Birliyinin üzvü.
Azərbaycan.media
