Azərbaycan.media xəbər verir ki, İran fevralın 28-dən bəri davam edən hərbi gərginlik fonunda Hörmüz boğazı ilə bağlı mühüm qərar qəbul edib.
İranın Hindistandakı səfiri İrac Fəthali Hindistan gəmilərinə boğazdan təhlükəsiz keçid veriləcəyini təsdiqləyib. Onun sözlərinə görə, qərarın icrasına yaxın saatlarda başlanılacaq.
Eyni zamanda, İranın Moskvadakı səfiri Kazem Cəlali Fransa prezidenti Emmanuel Makronun boğazın təhlükəsizliyi üçün beynəlxalq koalisiya yaradılması ideyasına sərt reaksiya verib. Diplomat bildirib ki, Tehran bölgədən kənar qüvvələrin Hörmüz boğazına müdaxiləsinə qəti şəkildə qarşıdır.
Xatırladaq ki, Makron boğazı yenidən açmaq üçün “tamamilə müdafiə” məqsədli missiya hazırlandıqlarını və Fransa hərbi gəmilərinin bölgəyə göndəriləcəyini açıqlamışdı.
Qeyd edək ki, martın 4-dən etibarən Tehran tərəfindən rəsmən bağlandığı elan edilən Hörmüz boğazı dünya neft ticarətinin əsas arteriyalarından biri hesab olunur.
