Azərbaycan.media xəbər verir ki, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin növbəti iclası keçirilib.
İclasda partiyanın 2025-ci il üzrə maliyyə hesabatı müzakirəyə təqdim olunub. Auditorlar Palatasının üzvü Elza Süleymanova çıxış edərək hesabatın mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq yüksək səviyyədə hazırlandığını, partiyanın hesabat dövründəki maliyyə vəziyyətini və fəaliyyət nəticələrini tam əks etdirdiyini bildirib.
Müzakirələrdən sonra 2025-ci il üzrə maliyyə hesabatı İdarə Heyətinin üzvləri tərəfindən təsdiqlənib. Daha sonra cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb və müvafiq qərarlar qəbul olunub.
İclasın sonunda YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, mütləq suverenliyini bərpa edərək yeni inkişaf mərhələsinə qədəm qoymuş Azərbaycanın “Konstitusiya və Suverenlik İli” elan edilən 2025-ci ildə əldə etdiyi uğurlar ölkənin milli gücünü və beynəlxalq nüfuzunu daha da artırıb.
O vurğulayıb ki, qarşıdakı hədəflərə nail olmaq üçün Yeni Azərbaycan Partiyasının üzərinə böyük məsuliyyət düşür və bu baxımdan partiyanın Nizamnamə və Proqramından irəli gələn vəzifələrin mütəşəkkil şəkildə icrası mühüm əhəmiyyət kəsb edir.
