🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Ödəniş kartları ilə aparılan nağdsız əməliyyatların həcmi 2025-ci ildə 26% artıb

Azərbaycan.media xəbər verir ki, 2025-ci ildə ödəniş kartları ilə ölkə daxilində aparılan nağdsız ödənişlərin həcmi 2024-cü illə müqayisədə 26% artaraq 99.1 milyard manat olub. Bu məlumatı Azərbaycan Mərkəzi Bankı (AMB) açıqlayıb.

AMB-nin məlumatına görə, ödəniş kartları vasitəsilə aparılan əməliyyatlarda nağdsız dövriyyənin xüsusi çəkisi 2024-cü ilə nisbətən 3.4 faiz bəndi artaraq 67.6%-ə çatıb. 2025-ci il ərzində POS-terminallar vasitəsilə həyata keçirilən hər 2 təmassız ödənişdən 1-i “ağıllı cihaz”lar vasitəsilə reallaşıb.

Əməkhaqqı və sosial kart sahiblərinin nağdsız ödəniş vərdişlərində də artım müşahidə olunub. 2025-ci ildə əməkhaqqı kartları ilə edilən ödənişlərin 54.2%-i nağdsız formada olub. Sosial kartlarla aparılan əməliyyatlarda nağdsız ödənişlərin payı son 3 ildə 9 faiz bənd artaraq 20%-ə yüksəlib.

2025-ci ildə bank müştərilərinin cari hesablarından kağız daşıyıcılar və rəqəmsal bankçılıq vasitəsilə aparılan köçürmələrin sayı 59.7 milyon ədəd, həcmi isə 889.3 milyard manat təşkil edib. Bu köçürmələrin sayı üzrə 94.4%-i, həcmi üzrə isə 82.5%-i rəqəmsal bankçılıq vasitəsilə həyata keçirilib. Xüsusilə, internet bankçılıq xidmətləri ilə aparılan köçürmələrin həcmi 2024-cü illə müqayisədə 12.4% artaraq 308.9 milyard manat, mobil bankçılıq vasitəsilə isə 14.3% artaraq 73 milyard manat olub.

Hesab əsaslı ödənişlərdən 7/24 rejimində istifadə imkanını təmin edən Ani Ödənişlər Sistemi (AÖS) vasitəsilə aparılan əməliyyatların sayı 2024-cü illə müqayisədə 12.5 dəfə, həcmi isə 90.1% artıb. Ölkə üzrə vahid AZQR kod standartının tətbiqi QR kod ödənişlərinin genişlənməsini təmin edib; 2025-ci ilin ikinci yarımilində AÖS vasitəsilə həyata keçirilən QR ödənişlərinin sayı birinci yarımillə müqayisədə 6.2 dəfə, həcmi isə 7.1 dəfə artıb.

Rəqəmsal ödənişlərin inkişafına dəstək verən nəqliyyat layihəsi çərçivəsində Bakı şəhərində bütün avtobus marşrutları və Bakı Metropolitenində təmassız ödəniş imkanları yaradılıb. İstifadəçilər həm bank kartları, həm də mobil cihazlar vasitəsilə gediş haqqını ödəyə bilirlər. Bu layihə turistlər üçün də rahatlıq təmin edərək, lokal nəqliyyat kartına ehtiyacı aradan qaldırıb.

Mərkəzi Bank rəqəmsal ödəniş xidmətlərinin institusional və hüquqi bazasının gücləndirilməsi, infrastruktur imkanlarının artırılması və xidmətlərin çeşidi, keyfiyyəti və tətbiq dairəsinin genişləndirilməsi istiqamətində dövlət qurumları, banklar, fintexlər və beynəlxalq təşkilatlarla əməkdaşlığı davam etdirir.