🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

“BMT yalnız üzv dövlətlərin siyasi iradəsi ilə effektiv ola bilər”

Azərbaycan.media xəbər verir ki, bunu BMT Baş Assambleyasının 72-ci sessiyasının Prezidenti Miroslav Lajçak XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel müzakirəsində çıxışı zamanı deyib.

O bildirib ki, son illərdə BMT-yə qarşı tənqidlər artsa da, bu tənqidlərin böyük hissəsi ədalətli deyil: “Unutmaq olmaz ki, BMT qlobal hökumət deyil və üzv dövlətlərdən müstəqil şəkildə hərəkət edə bilməz. Təşkilat yalnız üzv dövlətlər üçün platforma və alət rolunu oynayır və fəaliyyətini onların verdiyi mandat əsasında həyata keçirir”.

Lajçak əlavə edib ki, üzv dövlətlər daha güclü siyasi iradə göstərsələr, BMT də daha effektiv fəaliyyət göstərə bilər: “Təşkilatı bütün problemlərə görə günahlandırmaq düzgün yanaşma deyil”.

O, həmçinin BMT-nin mövcud güc arxitekturasının müasir reallıqları tam əks etdirmədiyini vurğulayıb. Lajçak deyib ki, yeni yüksələn güclər və regionlar kifayət qədər təmsil olunmur, veto hüququ isə bəzən sui-istifadə olunur.

Prezident qeyd edib ki, bu sistemi dəyişmək imkanları məhz üzv dövlətlərin əlindədir və əsas islahatlar prosesi BMT-nin Baş Assambleyası çərçivəsində aparılmalıdır, çünki burada təşkilatın bütün 193 üzv dövləti təmsil olunur.

“Əgər islahat üçün doğru zaman varsa, bu məhz indidir. Sual BMT-nin gələcəkdə lazım olub-olmaması deyil, təşkilatın müasir çağırışlara necə uyğunlaşdırılacağıdır”, – Lajçak sözlərinə əlavə edib.