🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Uşaqlarda zorakılıq əlamətlərini gizlədənlər cərimələnə bilər

Azərbaycan.media xəbər verir ki, uşaqlarda aşkarlanan zorakılıq əlamətləri barədə məlumat verilməməsinə görə cərimələrin tətbiqi təklif olunur. Bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin videokonfrans formatında keçirilən birgə iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb.

Layihəyə əsasən, məcəlləyə yeni 189-4-cü və 189-5-ci maddələrin əlavə edilməsi təklif olunur.

Təklif edilən 189-4-cü maddəyə görə, uşaqda zorakılıq əlamətləri aşkar edildiyi halda bununla bağlı məlumatın valideynlər (və ya onları əvəz edən şəxslər), eləcə də uşaqlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət və penitensiar müəssisələrin əməkdaşları tərəfindən aidiyyəti hüquq-mühafizə orqanlarına və ya ərazi üzrə uşaq hüquqlarının müdafiəsi üzrə yerli komissiyaya bildirilməməsi inzibati məsuliyyət yaradacaq.

Bu halda fiziki şəxslər 200 manatdan 300 manatadək, vəzifəli şəxslər isə 400 manatdan 600 manatadək məbləğdə cərimə ediləcək.

Layihədə nəzərdə tutulan 189-5-ci maddəyə əsasən isə təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət və penitensiar müəssisələrdə uşaqlara qarşı zorakılığın, eləcə də uşaqların bir-birinə qarşı davamlı təzyiq və aqressiv davranışının qarşısının alınmamasına görə fiziki şəxslər 300 manatdan 400 manatadək, vəzifəli şəxslər isə 500 manatdan 600 manatadək məbləğdə cərimə oluna bilərlər.