Azərbaycan.media xəbər verir ki, Ermənistan hökuməti martın 12-də “Avropa İttifaqı Qafqaz Elektrik Şəbəkəsi II mərhələ” kredit sazişini təsdiqləyib.
Məlumata görə, saziş Ermənistan ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında bağlanıb.
Layihənin əsas məqsədi Ermənistan və Gürcüstanın enerji sistemlərini birləşdirməkdir. Bu çərçivədə sərhədə yaxın, Ermənistanın Ayrum ərazisində 500/400/220 kV-luq yüksək gərginlikli sabit cərəyan çevrilmə stansiyasının tikilməsi planlaşdırılır.
Layihənin ilk mərhələsində Ermənistan–Gürcüstan enerji mübadiləsi gücünün 200 meqavatdan 350 meqavata çatdırılması nəzərdə tutulur. Daha sonra isə regional bazarda tələbdən asılı olaraq bu göstəricinin 1050 meqavata qədər artırılması mümkün olacaq.
Ümumilikdə layihənin həyata keçirilməsi üçün ayrılan kredit və qrantların məbləği vergilər nəzərə alınmadan 188,75 milyon avro təşkil edir.
