🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Hikmət Hacıyev: Çoxtərəflilik, sülh və təhlükəsizlik sahəsində ciddi böhranlar mövcuddur

Azərbaycan.media xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən Qlobal Bakı Forumu çərçivəsində “Böhranda çoxtərəflilik: Qlobal Əməkdaşlığın Yenidən Nəzərdən Keçirilməsi” adlı panel müzakirəsində çıxış edib.

O bildirib ki, bəzi iştirakçıların mövcud vəziyyətə görə forumda iştirak edə bilməməsi ilə bağlı narahatlıqlar olsa da, bu baş verməyib və tədbirə geniş iştirak təmin olunub.

Hikmət Hacıyev foruma qatılan bütün iştirakçılara təşəkkür edib və qeyd edib ki, hazırda çoxtərəflilik, sülh və təhlükəsizlik sahəsində ciddi böhranlar müşahidə olunur.

Onun sözlərinə görə, bu vəziyyət birbaşa BMT Təhlükəsizlik Şurası və onun mandatı ilə bağlıdır. Hacıyev bildirib ki, BMT Təhlükəsizlik Şurasının qlobal problemlərin həllində iştirakı olduqca zəifdir.

Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan üçün çoxtərəflilik yalnız sözlə deyil, real addımlarla həyata keçirilməlidir. O xatırladıb ki, Azərbaycan Qoşulmama Hərəkatına qoşulduğu zaman müəyyən tənqidlər səslənmişdi, lakin ölkənin sədrliyi dövründə təşkilatın nüfuzu daha da artıb.

Hikmət Hacıyev əlavə edib ki, Azərbaycanın COP29 tədbirinə effektiv sədrliyi nəticəsində mühüm qərarlar qəbul olunub. O, həmçinin Azərbaycanın Türk Dövlətləri Təşkilatında mühüm rol oynadığını və ölkənin D8 İqtisadi Əməkdaşlıq Təşkilatına da qoşulduğunu xatırladıb.

Hacıyev qeyd edib ki, qlobal səviyyədə çoxtərəfli əməkdaşlıqda siyasi iradənin çatışmazlığı açıq şəkildə hiss olunur. Onun fikrincə, bəzi çoxtərəfli təşkilatlar hesabatlılıq mexanizmlərinin zəif olması səbəbindən tənqidlərə məruz qalır.