Azərbaycan.media xəbər verir ki, jurnalist Fəridə Aslanova 11-ci sinif buraxılış imtahanları ilə bağlı sosial şəbəkədə sərt fikirlər səsləndirib. O, imtahan prosesinin şagirdlər və valideynlər üçün ciddi psixoloji və mənəvi gərginlik yaratdığını bildirib.
Fəridə Aslanovanın sözlərinə görə, martın 9-da Dövlət İmtahan Mərkəzi tərəfindən paytaxt da daxil olmaqla bir sıra bölgələrdə keçirilən imtahanlarda onun oğlu da iştirak edib. O qeyd edib ki, əvvəlcədən hədəf 280 bal olsa da, ilkin hesablamalara görə nəticə təxminən 250 bal civarında ola bilər.
Jurnalist bildirir ki, oğlu və digər imtahan verən şagirdlərin sözlərinə görə, sualların bəziləri çətin olmasa da, 3 saatlıq vaxtın yetərsiz olması problemlər yaradıb. Onun sözlərinə görə, bəzi valideynlər və şagirdlər ingilis dili üzrə dinləmə mətninin təxminən 10 dəqiqə gec başladığını və bunun imtahan iştirakçılarına əlavə çətinlik yaratdığını iddia ediblər.
Fəridə Aslanova hesab edir ki, buraxılış imtahanları bir çox şagird üçün ciddi stress mənbəyinə çevrilib. Onun sözlərinə görə, uzun müddət repetitor hazırlığı, əlavə dərslər və test materialları ailələrə həm maddi, həm də mənəvi yük gətirir.
O, həmçinin sual edir ki, əgər imtahanda düşən mövzular məktəbdə keçirilirsə, bu qədər əlavə dərsə və hazırlıq materiallarına niyə ehtiyac yaranır.
Jurnalist əlavə edib ki, mart ayında keçirilən buraxılış imtahanlarından sonra şagirdlərin böyük hissəsi artıq növbəti – qəbul imtahanlarına hazırlaşmaq üçün intensiv hazırlıq prosesinə başlayır və bu da onların gündəlik həyatında əlavə gərginlik yaradır.
Fəridə Aslanova sonda bildirib ki, onun üçün ən vacib məsələ övladının psixoloji baxımdan sağlam qalmasıdır və təhsil sistemində şagirdlərin psixoloji vəziyyətinin də nəzərə alınmasının vacibliyini vurğulayıb.
Mənbə: Azərbaycan.media
