Azərbaycan.media xəbər verir ki, Avropa İttifaqı Şurasının sabiq prezidenti Şarl Mişel Azərbaycanla Ermənistan arasında sülhün region üçün mühüm nəticələr verəcəyini bildirib.
O, jurnalistlərə açıqlamasında qeyd edib ki, iki ölkə arasında əldə olunacaq sülh razılaşması regionda iqtisadi inkişafı gücləndirəcək, eyni zamanda sabitlik və təhlükəsizliyin möhkəmlənməsinə töhfə verəcək.
Şarl Mişelin sözlərinə görə, sülh razılaşması ilə bağlı qərar vermək son dərəcə cəsarətli addım olub. O, bu razılaşmanın möhkəmləndirilməsi istiqamətində atılan bütün addımları güclü şəkildə dəstəklədiyini vurğulayıb.
“Düşünürəm ki, bu razılaşma regionda əlaqələrin inkişafı üçün çox güclü əsas yaradacaq. Bu, iqtisadi inkişafın yaxşılaşmasına səbəb olacaq. Eyni zamanda, daha çox sabitlik və təhlükəsizlik insanların rifahını artıracaq və müxtəlif layihələrin həyata keçirilməsi üçün imkanlar yaradacaq”, – deyə o qeyd edib.
