O, Xızı dağlarının qoynunda dünyaya göz açmışdı. Elə bu yerlərin saf təbiəti də onu incə rübablı bir şairə çevirmişdi. Özü də şeirləri kimi saf idi, təmiz idi, Vətənə, torpağa son dərəcə bağlı insandı. Bu amalla yaşadı, ona xidmət etdi, elə bu amalla da dünyaya “əlvida” dedi.
Söhbət sevimli xalq şairimiz Cabir Novruzdan gedir.
Cabir Novruz poeziyası adi poeziya deyil.
Bu şeirləri oxuyub onun sehrinə düşməmək mümkün deyil. Çünki yaratdığı şeirlərin hər misrası üstündə üç övladının üstündə əsdiyi kimi əsirdi. Misralar onun ürəyinin atəşində, odunda bişirdi, cilalayırdı, sonra da çoxsaylı oxucuların ixtiyarına verilirdi.
Sözlə yaşayırdı, ruhən, qəlbən şeirə, sözə bağlı insan idi. Deyirdi ki, şeir, söz qəlbimin aynasıdı.
Təbiətcə sakit görünən Cabir Novruz onu narahat edən hər hansısa məsələ barədə bəzən elə haray çəkə bilərdi ki, diqqətli oxucunun bu adamın məhz Cabir Novruz olduğuna az qala inanmamağı gəlirdi. İllah da bu sətirləri onun öz dilindən eşidəndə…
– Bir arzum var, ay adamlar qoyun deyim,
Sağlığında qiymət verin insanlara.
Yaxşılara sağlığında yaxşı deyin,
Sağlığında yaman deyin insanlara.
Yalnız, yalnız sağ olanda
Hər kəs əsl qiymətini bilər onda
Bu sözlərim düz olmasa töhmət edin
Sizdən rica eyləyirəm milyon kərə
Şairlərə sağlığında hörmət edin
Sağlığında heykəl qoyun ölməzlərə.
Üzləşdiyi haqsızlığa, hardasa etinasızlığa, laqeydliyə qarşı bir şair üsyanı idi bu şeir. Hər şeyin öz vaxtı var. Gecikmiş etiraf nəyi dəyişir ki…
Bir oxucu kimi, Cabir Novruz poeziyasının vurğunu kimi qeyd etməyi özümə borc bilirəm. Cabir Novruzun bu şeiri zaman-zaman səslənəcək, və dillərdən düşməyəcək.
Əslində Cabir Novruz qələmindən çıxan bütün şeirlər dillər əzbəri olurdu. Onun əvəzsiz poeziyasının gücü də, qüdrəti də elə bunda idi.
Bir vaxt çox populyar olan və bu gün də öz populyarlığını itirməyən “Ey həyat, sən nə qəribəsən” mahnısını yadınıza salın. Çox sevilən bu mahnının da sözləri ona məxsusdur. Keşməkeşli həyatın qəribəliklərini kim görməyib ki?! Kim o anları yaşamayıb. Amma o qəribəlikləri poetik dildə oxuculara çatdırmağı Cabir Novruz qələminin gücü çatardı. Çatdı da. Dillər əzbərinə çevirilən, tez-tez misal çəkilən bu əbədi şeirin böyük həqiqəti əks etdirən misraları belə yarandı.
Tələbəlik illəri. O unudulmaz illəri hansı birimiz gecə-gündüz üstündən on illər keçsə də, xatırlamırıq?! Yəqin ki, aramızda beləsi tapılmaz. Və hər dəfə Cabir Novruzun sözlərinə unudulmaz bəstəkarımız Oqtay Kazıminin bəstələdiyi həmin mahnını eşidəndə, bütün ruhum təzələnmirmi?! O əziz, o unudulmaz günləri yenidən yaşamırıqmı?!
– Sızlar yada düşəndə,
Ürəyimin telləri.
O mehriban, o əziz,
Tələbəlik illəri.
Hey eşitsə hay verən,
Tələbə, tələbə, tələbə.
Sevincindən pay verən,
Tələbə, tələbə, tələbə.
İncə ruhlu şairin həyata, gözəlliyə öz baxışı, öz münasibəti vardı. O, adi həyat həqiqətlərində də hər kəsin görə bilmədiyi, duya bilmədiyi gözəllikləri görürdü, onlara poetik don geydirirdi. Həm də bu şeirlər elə incə ruhlu, elə axıcı olurdu ki, tezliklə sevilən mahnılara çevirilirdi. Böyük bəstəkarımız Oqtay Kazımi ilə işbirliyi neçə-neçə sevilən, dinlədikcə dinlənilən gözəl mahnıların həyatına vəsiqə almasına səbəb olmuşdu. Səsi ilə dünyanı heyran qoyan xalq artisti Zeynəb Xanlarovanın ifasında səslənmiş “Cavanlığım” , “Bulaq suyu, dağ havası” mahnılarını unutmaq mümkündürmü?! Yaxud mərhum Yalçın Rzazadənin yenə də Oqtay Kazıminin bəstəsində oxuduğu “Bakının qızları” mahnısının səslənməsini həmişə intizarla gözləmirikmi?!
“Ayrılığın üzü dönsün bu dünyada” bu qəmli mahnının da sözləri xalq şairi Cabir Novruz, musiqi bəstəsi Oqtay Kazıminin. Mahnını şirin səsi ilə bizə sevdirən isə həyatı erkən tərk etmiş müğənnimiz Məmmədbağır Bağırzadədir. Bir anlığa yazıdan ayrılıb sosial şəbəkədə Məmmədbağır Bağırzadənin ifasında çox sevdiyim həmin mahnıya bir də qulaq asıram, onun sehrinə düşürəm. Sözlər də, musiqi də, ifa da təkrarsızdır. Bu harmoniya möhtəşəm gözəllik yaradır.
Sevimli şairimiz Azərbaycan poeziyasında öz yeri olan bir şair idi. Poeziyasevərlər onun bütün yaradıcılığını diqqətlə izləyirdilər. Bütün şairlər kimi o da ana mövzusunda çoxlu şeirlər yazıb. O, anasına qarşı çox həssas idi. Hər bir ailədə ana ilə bala arasında qırılmaz bağlar olur. Cabir Novruzun anasına həsr etmiş şeirlərini oxuyanda əsl ana-bala münasibəti necə olur biz onun şahidi oluruq. O biri mövzuda yazdığı şeirləri kimi, ana mövzusunda yazdığı şeirləri də çox təsirlidir. Oxuyanda kövrəlməmək mümkün deyil.
QURBAN OLUM DUALARINA
Ay ana, düșürsən tez-tez yadıma,
Təzədən dönürəm ușaq oluram.
Dizinə baș qoyub bərk-bərk yatıram,
Bütün qayğılardan uzaq oluram.
Gõrürəm çiynində yenə də çarşab,
Obaşdan durmusan sübh namazına.
Əlində o ulu, müqəddəs kitab,
Yenə üz tutmusan göylərə, ana.
Məni tapşırırsan Tanrıya bərk-bərk,
Tək bircə balanı, șair oğlunu.
Deyirsən, Xudaya, ona ol kömək,
Xətadan, bəladan gözlə sən onu.
Ana, qurban olum dualarına,
Tapșır, yaxșı tapşır, Allaha məni.
Tapşır, yaxşı tapșır, ana, ay ana,
Yurdum talanmasın bir daha mənim.
Qurtulum ölümdən, dərddən, kədərdən, Unudum bir yolluq ağrı, acını.
Millətim qurtarsın işgəncələrdən,
Yağıdan alınsın Şuşam, Laçınım…
Keçim Xankəndindən, Kərgicahandan,
Şəhid torpaqları bağrıma basım.
Şərlər qovulsunlar Azərbaycandan, Bircəciyinin də tumu qalmasın.
Ana, qurban olum dualarına,
Onların sehrini çox görmüşəm mən.
Elə körpəlikdən, ana, ay ana,
O dualar ilə böyümüşəm mən.
Uzaq səfərlərə getdiyim zaman,
Gizlicə cibimə dua qoyardın.
Məni keçirərdin Quran altından,
Sonra min dil ilə ovundurardın.
Bax o dualarda nəsə sirr vardı,
Məni hər bəladan qurtarardılar.
Məni təyyarələr sağ aparardı,
Salamat yanına qaytarardılar.
Ana, qurban olum dualarına,
Tapșır, yaxşı tapșır Allaha məni,
Tapşır, yaxșı tapşır, ana, ay ana,
Bir kimsə salmasın günaha məni.
Azərbaycanı böyük evə bənzədirdi. Çox arzusuna çatmışdı. Şairi bir məsələ çox narahat edirdi. O da aydın məsələdir ki, 20 faiz Qarabağ torpaqlarımızın düşmən tapdağı altında olması idi. Vətənini həmişə azad, millətini xoşbəxt görmək istəyirdi. Həmişə tədbirlərdə, iri tribunalarda çıxışlarında bu şeirini elə şövqlə deyirdi ki, adamın qollarında tükləri biz-biz olurdu, sanki damarımızda qanımız donurdu.
KAŞ MİLLƏTDƏ RUH YAȘASIN
Millət əzər, əzilər də,
Kaș millətdə ruh yaşasın.
Əyri qəddi düzələr də,
Kaş millətdə ruh yaşasın..
Zaman-zaman, nəsil-nəsil,
Babəklərin gəlir səsi,
Nəsimilərin tükənməsin,
Kaş millətdə ruh yaşasın.
Sabirlərə xəbər olsun,
Qız-gəlinlər Həcər olsun.
Kişilərdə təpər olsun,
Kaş millətdə ruh yaşasın…
Qeyrət ruhun gücündədir,
Qüdrət ruhun gücündədir.
Millət ruhun gücündədir,
Kaş millətdə ruh yaşasın…
Düșməni qul etmək olar,
Min əsr yol getmək olar.
Dünyanı titrətmək olar,
Kaş millətdə ruh yașasın.
Bax, budur poeziya, bax, budur şeir, bax, budur şair qələminin məharəti, qüdrəti, gücü.
Cabir Novruz 69 illik ömür payında yazırdı, yaradırdı. Gələcək nəsillərə gözəl poetik nümunələr yadigar qoyurdu.
Şair olasan sevgidən, məhəbbətdən şeirlər yazmayasan. Cabir Novruzun sevgi şeirləri də özünəməxsusluğu ilə seçilirdi. Görkəmli ədəbiyyatşünas, alim Vaqif Yusifli şairin sevgi şeirlərini “xəzan lirikasının nümunələri” adlandırmışdı.
Gecikmiş məhəbbət
Sən gizli gəlmisən ömrümə, inan
Bu gizli eşq ilə yaşayacağam.
Dünyanın ən böyük yükü sayılan,
Gecikmiş məhəbbət daşıyacağam.
Sən mənim ömrümdə açan çiçəksən,
Onu ürəyimdə bəsləyəcəyəm.
Sən məni heç zaman görməyəcəksən,
Mən səni hər zaman gözləyəcəyəm.
Uzaqdan göz qoyub gözünə sənin,
Sanki görəcəyəm Allahımı mən.
Düşüb qarış-qarış izinə sənin,
Əzbərləyəcəyəm yollarını mən.
Səni zərrə-zərrə kəşf edəcəyəm,
Səni milyon kərə kəşf edəcəyəm.
Ərini, oğlunu öyrənəcəyəm,
Rəngini, qoxunu öyrənəcəyəm.
Hər günü adınla başlayacağam,
Hər günü adınla bitirəcəyəm.
Səni röyalarda axtaracağam,
Səni xəyallarda itirəcəyəm.
Sən məni heç zaman duymayacaqsan,
Mən bütün ömrünü izləyəcəyəm.
Sən mənə məhəl də qoymayacaqsan,
Mən səni həmişə səsləyəcəyəm.
Hər gün mənim üçün doğulacaqsan…
Hər gün mənim üçün yox olacaqsan.
Mənim sevincim də sən olacaqsan,
Mənim kədərim də sən olacaqsan.
Mən sənin adına hər saat, hər an,
Qəlbimdə məktublar yollayacağam.
Sən heç vaxt fikrimdən çıxmayacaqsan,
Mən heç vaxt yadında qalmayacağam.
Beləcə…həsrətlə qocalacağam,
Belə enəcəyəm, ucalacağam.
Keçib hər alovdan, keçib hər oddan,
Böyük əzabımdan şad olacağam.
Sən mənə həyatda ən doğma adam,
Mən sənə yaddan da yad olacağam.
Sən ömr edəcəksən ayrı adamla,
Mən kiməm, nəçiyəm bilməyəcəksən.
Bir gün bu dünyadan sənin adınla
Köçüb gedəcəyəm, bilməyəcəksən.
Hər bir Azərbaycan kişisi özünü qadını ilə, xanımı ilə özünü bütöv, tam sayır. Qadınsız evdə nə din olar, nə də bərəkət, qadınsız evdə bişirilən yeməyin, dəmlənən çayın nə ləzzəti olar, nə də tamı.
Şair Cabir Novruz da xanımı Safura xanımla özünü dünyanın ən xoşbəxt, bəxtəvər insanı sayırdı. Bir sözlə, bir-birlərini tamamlayırdılar, məclislər bəzəyi idilər. Safura xanımın vəfatından sonra Cabir müəllimin həyatında hər şey sönük görünməyə başladı. Özünü qanadsız bir quşa bənzədirdi. Şeirlərini də kədərli yazırdı, gözlərinin dərinliyində kədər yuvası gizlənirdi ki, o kədər yuvasında da Safurasızlıq var idi. Cabir müəllim Safurasızlığını şeirlərində bu cür nəql edirdi.
Ay ana
Sənin qızın, mənim ömür yoldaşım,
Əlimizdən nə tez uçdu, ay ana?..
Heç bilmirəm bu əzrayıl mürdəşir,
Birdən niyə onu seçdi, ay ana?…
O, gedəli gücüm yox, qüdrətim yox,
Bu həyata zərrə məhəbbətim yox,
Oğullarım qalmadılar yetim, yox,
O yetimlik mənə düşdü, ay ana…
Elə bil ki, nəslimizdə talan var,
Baxışlarda gör nə boyda ələm var,
O gedəli gör nə qədər ölən var,
O gedəli köçhaköçdür, ay ana?..
Sənin saçın birdən-birə ağardı,
Mənim ömrüm viran oldu, dağıldı,
İnsan tamam əfsanədir, nağıldır,
Əvvəli heç, sonu heçdir, ay ana…
Səfurəmin anasısan – anamsan,
Sən də ona mənim kimi yanansan,
O gedəli sən də ömrü talansan,
Yaşayırsan gözü yaşlı, ay ana…
Günlərimi təklik alıb qoynuna,
İblisdir ilişmişəm oyununa,
İstər gələ yüz-yüz gəlin-qaynana,
Ocağımız daha boşdur, ay ana…
Lap mələklər xidmət edə bu evə,
Peyğəmbərlər hörmət edə bu evə,
Allah özü diqqət edə bu evə,
Səfurəsiz yenə heçdir, ay ana…
Sənin ölümündən sonra, mənim ölümümdən sonra
İtib yollarımın yolu,
Sənin ölümündən sonra.
İtirmişəm sağı-solu,
Sənin ölümündən sonra…
Fani dünya heçdi – necə?
Şahlıq quşum uçdu – necə.
Ölüm adiləşdi necə,
Sənin ölümündən sonra.
Bu dünyaya yoxdu sözüm,
Qarışıb gecəm-gündüzüm.
O dünyada qalıb gözüm,
Sənin ölümündən sonra.
Soyuyub isti evimiz,
Tutqun dənizdi evimiz,
Laldı, dilsizdir evimiz,
Sənin ölümündən sonra.
Mən göl idim, sonam oldun,
Anam getdi – anam oldun.
Ömür mənə haram oldu,
Sənin ölümündən sonra …
Vaxt gələcək yetişəcək,
Çox yaralar bitişəcək,
Milyard illər ötüşəcək,
Sənin ölümündən sonra…
Mənim ölümümdən sonra…
Balalarım
Xoş gəlmisiz bu dünyaya, balalarım,
Sevinclərim, əzablarım, bəlalarım.
Siz gəldiniz, bilirsiniz neylədiniz?
Oğul idim, məni ata eylədiniz.
Qəşənglərim, kifirlərim, keçəllərim,
Fərman verib anama da nənə adı bəxş eyləyən dəcəllərim.
Aşıb-daşdı evimizdə gülüşünüz,
Bilirsizmi nələr etdi gəlişiniz?
Gəlişiniz qələm çəkdi dincliyimə,
Gəlişiniz nöqtə qoydu gəncliyimə.
Siz gəldiniz, öz-özümü unutdum mən,
Siz gəldiniz, “mən” sözünü unutdum mən.
Hara getsəm indi sizi düşünürəm,
Hələ xırda, hələ qısa ömrünüzü düşünürəm.
Hara getsəm sizin üçün dən yığıram,
Nə dən yığsam üçünüzə tən yığıram.
Düşünürəm bu Müşfiqin, bu Vüqarın, bu Mirzənin,
Bircə kərə demirəm ki, bu da mənim.
Anam deyir: -Heç özünə baxmayırsan, oğul, tamam,
Vallah, sənə özüm paltar alasıyam.
Nə eləsin axı anam,
Onlar mənim balamdırsa,
Mən də onun balasıyam.
Çiçəksiniz, həyatımla bitirmişəm,
Bu dünyaya mən üç insan gətirmişəm,
Milyonların qabağında cavabdehəm onlar üçün,
İstəyirəm şer deyəm onlar üçün.
Oxusunlar ağılları kəsən zaman,
Öz oğlundan, öz qızından küsən zaman.
Salam mənim Mirzələrim, Vüqarlarım,
Müşfiqlərim,
Evimizin çıraqları – işıqlarım.
Siz ölməzlik abidəsi,
Əsrlərə gedib çatan ata səsi.
Sizin üçün gündüz əsib, gecə əsib,
Soyuqları, istiləri dilim ilə yalamışam.
Sözlərimin mən boyundan min yol kəsib,
Sizin xırda boyunuza calamışam.
Arzularım, əməllərim,
Mənə oxşar diri sözlü, diri gözlü heykəllərim.
Yuxunuzdan duran zaman gecələri
İtirirəm sətirləri, hecaları,
dil-dil ötən ilhamım da dildən düşür,
Qoca nənə, cavan ana əldən düşür.
Mirzə, Vüqar qoymur məni ürəyimə qulaq
asam,
Kiçik Müşfiq istəmir ki, şer yazam,
Kimə deyim bu dərdimi,
Böyük Müşfiq sağ olsaydı bu halıma
dözərdimi?!
Sizin üçün qənd alaram, bal alaram,
Min arzumu, istəyimi qanadaram.
Sizi, əziz balalarım,
Sətir-sətir böyüdürəm,
Misra-misra yaradıram.
Sevinclərim, əzablarım,
Yüz-yüz susan, yazılmayan şerlərə
cavablarım.
Vaxt olub ki, dediyimdən dönməmişəm – sizin üçün!
Vaxt olub ki, vəzifəli bir alçağın qabağında dinməmişəm sizin üçün!
Bax, bu ata əllərimlə toyunuzu edəcəyəm,
Bu dünyaya verib sizi,
Sonra sakit, sonra rahat, bu dünyadan gedəcəyəm.
Belə ömür mənə xoşdur.
Öz səhvini görməyənlər,
Heç nə yaza bilməyənlər
Məndən sonra desələr ki, az yazmışdır,
Onda çıxın ortalığa,
Ömrüm boyu yaratdığım şerlərim-işıqlarım.
Onda çıxın ortalığa,
Mirzələrim, Vüqarlarım, Müşfiqlərim!
Sözardı: Dağlar oğlu idi Cabir Novruz. Elə bir şair kimi də, yeri zirvələrdə bərqərar oldu.
Xalqımız öz şairini sevirdi. Bu sevgi isə böyük şairimizə yeni güc verir, ilham mənbəyinə çevirilirdi.
” Əməkdar İncəsənət Xadimi” , “Xalq şairi” kimi yüksək fəxri adlara layiq görülmüşdü. Uzun illər Azərbaycan Yazıçılar İttifaqının katibi olmuşdu.
Heyf şairin 90 illik xatirə-gecəsi onsuz qeyd olundu.
Cabir Novruz şeirlərində birində deyirdi ki…
“Taleyin hökmü ilə anam məni bu dünyaya, bu vətənə, bu xalqa bu elə şair doğdu. Nə yaxşı ki, mən bu xalq üçün, bu yurd üçün şair doğulmuşam”.
Doğrudan da nə yaxşı ki, sizin kimi anadan təpədən dırnağadək xəmiri sözlə, şeirlə, nəğməylə yoğrulmuş söz sərrafımız olub.
Nə yaxşı ki, siz məhz bu xalqımız üçün şair doğuldunuz. Əsl kişi qeyrətli şair ömrünü yaşadınız.
2002 – ci ildə dünyasını dəyişmiş unudulmaz şairimiz indi Fəxri Xiyabanda uyuyur. Müqəddəs ruhu isə həmişə bizimlədir, həmişə də bizimlə olacaq…
Gəlini Gültəkin Novruzova: Xalq şairi Cabir Novruzu anım günündə ehtiramla yad edirik.
Bu gün böyük şair, unudulmaz insan Cabir Mirzəbəy oğlu Novruzovun xatirəsini ehtiramla anırıq. Cabir müəllim yalnız sözün qüdrətinə bağlanan bir şair deyildi — o, bir oğul kimi anacanlı, bir qardaş kimi dərdli, bir həyat yoldaşı kimi vəfalı, bir ata kimi övladlarına həm dayaq, həm sirdaş olmağı bacaran fədakar bir insan idi. Baba kimi isə sonsuz məhəbbətin rəmzi idi; desəm ki, nəvələri ilə nəfəs alırdı, səhv etmərəm.
Cabir Novruz Allah-təalanın sözə bəxş etdiyi ilahi işığı daşıyan, Azərbaycan poeziyasının seçilmiş adlarındandır. Ölkəmizdən kənarda aldığı ali təhsil ona diplom qazandırsa da, o, hər zaman Vətənə dönməyi, xalqına xidmət göstərməyi özünə borc bilib. Sənət yoldaşları arasında böyük hörmət qazanıb, qələmindən süzülən sözlər hər kəsin ürəyinə yol tapıb, sevilib.
Cabir müəllim yüksək mükafatlara layiq görülmüş, Azərbaycan dövləti və xalqı tərəfindən sağlığında dəyər verilən ziyalılardandır. O, vətənpərvər, xalqını ürəkdən sevən bir vətəndaş kimi gələcək nəsillərin taleyi üçün daim narahatlıq keçirirdi. Onun məşhur “Azərbaycanı sevin” şeiri də bu sevginin, bu narahatlığın ən böyük sübutudur:
Azərbaycanı sevin, sevin Azərbaycanı,
Bu gün odlu sevgiyə onun ehtiyacı var…
Sevin odum, ocağım, evim Azərbaycanı,
İndiki dərdlərinə eşqimiz əlac olar…
Bu gün də Cabir Novruzun şeirləri çap olunur, oxunur, səslənir, sözlərinə yazılmış mahnılar dillər əzbəridir. O, heç vaxt özünü önə çıxarmağa çalışmayıb — abırla yaşayıb, böyük bir yaradıcı miras qoyub və cismən bizdən ayrılsa da, ruhu sözlərində yaşayır.
Vətənə əmanət etdiyi, soyadını ləyaqətlə daşıyan nəvələri və nəticələri bu gün də onun adını uca tuturlar.
Ruhu şad olsun!
Arzu Nəbioğlu Xalq şairi Cabir Novruzla bağlı səmimi və duyğulu xatirələrini belə bölüşür:
“Allah rəhmət eləsin. Gültəkin, yazdığın hər bir cümlə doğrudur. Cabir əmi bizim evin əziz, doğma adamı idi. Çox alicənab, insanpərvər, daxili mədəniyyəti olan, heç vaxt özünü gözə soxmayan bir insan idi. Özünü həyatında yox, misralarında, şeirlərində göstərirdi. Hər şeiri bir fəlsəfə, bir çağırış idi.”
Arzu xanım həmçinin şairin ailəsinin ağır itkilərindən söz açır:
“Yaxşı ki, övladlarının yoxluğunu görmədi, yoxsa dəhşət yaşayardı. Mirzə 48 yaşında, Vüqar 53 yaşının içində, Müşfiq isə 54 yaşında bu dünyaya əlvida dedilər. Allah Cabir əmiyə də, mənim gənclik dostlarım olan üç oğluna da, Safura xalaya da qəni-qəni rəhmət eləsin.”
O, Safura xalanın da ailələri üçün xüsusi yer tutduğunu xatırlayır:
“Safura xalanı sən görmədin, heyif ki. Hədsiz dərəcədə gözəl insan idi, anamla rəfiqə idi.”
Xatirənin sonunda Arzu Nəbioğlu bu nəsilin davamçılarının böyüklərin adını uca tutduğunu vurğulayır:
“Şükür ki, nəvələri ləyaqətlə bu gözəl nəsli davam etdirirlər, rəhmətliklərin ruhunu şad edirlər.”
Müəllif: Fuad BİLƏSUVARLI,
AYB və AJB üzvü, Prezident və
Həsən bəy Zərdabi mükafatçısı
Mənbə: Azərbaycan.media
