🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Radio jurnalistinin xatirələri- Zümrüd Səfərova

“Yaddan çıxıb bağçada qalıb”

İş yoldaşlarımla hərdən əvvəlki ailələrlə müasir ailələrin fərqindən danışardıq. Mən deyirdim ki, rəhmətlik atam işdən gəlməyincə rəhmətlik anam xörəyin qapağını belə açmazdı. Atam işdən gələndən sonra hamımız birlikdə süfrə başına yığışardıq.
Rəhmətlik Zərifə xanım Eyvazova onların ailəsində də süfrə mədəniyyətinin eyni olduğunu deyərdi. Zərifə xanım çox səmimi, dürüst, gülərüz bir xanım idi. Söhbətimiz həmişə onunla yaxşı alınardı. Zərifə xanım deyirdi:
—Biz də atam evə gəlməmiş yeməyə oturmazdıq. Bizim ailədə də uşaq çox idi. Bir dəfə, həmişəki kimi hamımız süfrə arxasında, anamızın çəkdiyi xörək qablarını bir-birimizə ötürürdük. Anam qabların birinin artıq qaldığını görüb dedi: “Ay bala, bu kimin qabıdır?” Biz əvvəlcə qaba, sonra da bir-birimizə baxdıq. Tez uşaqları saydıq. Məlum oldu ki, uşaqların ən kiçiyi — balaca bacım Şəfiqə— bağçada qalıbmış. Anam evdə bir uşağın olmadığını boşqabın artıq qalmasından bilmişdi…

 

“Leninski telefon”la test

Natiqə dostlarından biri o vaxt dəbdə olan “Leninski telefon” deyilən aparatı hədiyyə etmişdi. Zərli naxışlarla bəzənmiş telefon çox gözəl idi, amma işləmirdi.
Səhər telefonu işə apardım ki, ATS-dəki uşaqlar düzəltsinlər. Heç bir saat keçməmiş aparatı düzəldib otağa gətirdilər.
Aparatı stolumun üstünə qoydum. Hamının çox xoşuna gəldi. Otaqdakılara təklif etdim ki, bir test edək. Biriniz o biri redaksiyalara baş çəkib guya sözgəlişi desin ki, “Zümrüdün stolunun üstünə təzə telefon çəkiblər, mən də istəyirəm. Bir zəng üçün otağın bu başından o biri başına getməli oluram. Üstəlik, aparat da “Leninski telefondur.”
Bir azdan həmin adam qayıdıb gəldi ki, bəzilərinin heç vecinə olmadı, bəziləri isə o qədər pörtmüşdülər ki… Bir qismi də “Niyə bizim üçün çəkməyiblər? Biz də istəyirik!” — dedilər.
Pörtüb-qızaranların bir bəhanə ilə telefona baxmağa gələcəklərini dedim: “Siz də özünüzü elə göstərin ki, guya heç nədən xəbəriniz yoxdur”.
Doğrudan da elə oldu. Qapı ilə üzbəüz oturan əməkdaşımız yavaşca dedi: “Gəlirlər…”
Hərə bir bəhanə ilə gəlib aparata baxıb gedirdi. Hər gələndə də mən yalandan özümü telefonla danışırmış kimi göstərirdim. Axşam isə aparatı evə apardım.
Səhəri gün telefon məsələsi tamam yadımızdan çıxmışdı. Hamının başı işinə qarışmışdı. Bu vaxt qapı açıldı — qabaqda direktor, arxasınca müavin içəri daxil oldular.
— Burda neçə nəfər işləyirsiniz?
Biz səs-səsə verib sayımızı dedik.
— Bəs otağınızda neçə stol, neçə telefon var?
Bu sözləri eşidən əməkdaşımızı öskürək tutdu. Gördük ki, gülməkdən özünü güclə saxladığı üçün bu hala düşüb…
Demə, bizim zarafatla test etməyimiz — insanların daxilinin nə qədər təmiz olub-olmamasını yoxlamağımız — gedib yuxarılara kimi çatıbmış…

 

“Tərbiyə məsələsinə söz verə bilmərəm”

Nizami Xudiyevin tele-radio şirkətinə yenicə sədr təyin olunduğu vaxtlar idi. Sədr baş redaktorları, baş rejissorları, baş diktorları yığıb tanış olmuş, öz göstərişlərini vermiş, əməkdaşlara bu barədə məlumat çatdırmağı onlara tövsiyə etmişdi.
Bir azdan direktorumuz redaksiyaya gəlib vacib tonla dedi:
— Nizami müəllim tapşırdı ki, sabahdan hamı işə vaxtlı-vaxtında gəlməli, vaxtlı-vaxtında da getməlidir. İşə məsuliyyətlə yanaşın, hərəkətlərinizə, davranışlarınıza fikir verin. Bir sözlə, tərbiyəli olun.
Sonra üzünü redaksiyamızda hamıdan yaşlı olan Maya xanıma tutub dedi:
— Bildin də, Maya? Hərəkətlərinə diqqət elə.
Həddən artıq baməzə olan radionun veteranı Maya xanım gülümsəyərək cavab verdi:
— Baş üstə, yoldaş direktor. Əgər bu deyilənlər birbaşa mənə aiddirsə, mən 99 faiz çalışacağam əməl edim. Amma bircə tərbiyə məsələsində söz verə bilmərəm.

 

“Biabırçılıq Leninin üç manatın dalınca gəlməyindədir”

 

Mirzə Cəlil yazırdı ki, bizim kənddə hər adamın öz ayaması var. Həddən artıq incə yumora malik Hidayət Səfərlinin qoyduğu adlara ayama demək olarmı, bilmirəm, amma onun qoyduğu adlar həmin adamlara çox yaraşırdı.
Redaksiyada özü haqda, öz gözəlliyi barədə yüksək fikirdə olan bir adama “Portret” adını qoymuşdu.
Həmişə fikri dağınıq olana “Şair”, dili zəhər olana “Aerozol”, təzə işə qəbul olunmuş Rəşid Kazimova isə Leninə çox oxşadığı üçün “Vladimir İliç” deyirdi.
Bir gün Rəşidlə Hidayət Baksovetdə poçtun qabağından keçirmişlər. Hidayət Rəşidə deyir:
— Vladimir İliç, mənim üç dənə lotereya biletim var, hərəsi bir manat udub. İslam da bu tərəflərdə yaşayır, poçtdakı qızlar elə bilər ki, İslam üç manat üçün gəlib, biabır olarıq. Al bu lotereya biletini, apar dəyişdir, gətir.
(Şair İslam Səfərli Hidayətin böyük qardaşı idi, özləri də əkiz kimi çox oxşayırdılar)
Rəşid cavabında deyir:
— Hidayət, biabırçılıq İslam Səfərlinin üç manatın dalınca gəlməsində deyil, əsl biabırçılıq Leninin üç manatın dalınca gəlməyindədir!

 

Marusya və Klava

İdarəmizin ən gözəl insanlarından biri də həkimimiz idi. Çox gülərüz, şirindil, xoşxasiyyət bir qadın idi.
Həkimimizin babası nənəsi Klavanı 1941–45-ci illərin müharibə dövründə evlənib Bakıya gətirmiş, qızına da qayınanasının şərəfinə Marusya adını veribmiş. Həkimimiz də anası haqqında danışanda həmişə adını olduğu kimi — Marusya deyərdi…
90-cı illərdə Bakıda fövqəladə vəziyyət idi… Bir gün həkimimizlə yolda qarşılaşdıq. Gördüm ki, heç halı yoxdur. Elə bil həmişəki adam deyil. Səbəbini soruşanda dərdi açıldı. Dedi:
— Ay bacı, dünən gecə Marusyanın qışqırığına yuxudan dik atılmışam. Ay Marusya, niyə qışqırırsan, nə olub? Onsuz da hər gün əsəb içindəyik. Gecənin bu vaxtı qoy rahat yataq da. Deyir ki, zəng vurub dedilər, anan ölüb. Deyirəm, ölüb, ölüb də… Allah rəhmət eləsin. Qoca arvad idi, özü də öz əcəli ilə ölüb. Bu qədər cavan adamlar ölür, ölənlərdən artıq deyil ki…
Deyir:
— Durun, bu saat gedək anamgilə.
Deyirəm:
— Qoy komendant saatı qurtarsın, səhər açılsın, gedərik.
Deyir:
— Yox, olmaz, indi getməliyik…
Axırda hirsləndim. Dedim:
— Ağəz, Marusya, bu gecə vaxtı gedib Klavanı durğuzacaqsan? Qoy öldüyü yerdə ölsün də…

 

“Salamlaşmamaq üçün işə sizdən əvvəl gəlirəm”

 

90-cı illərdə radiomuza xalqını həddən çox sevən, savadlı, maarifçi, uşaqlığı repressiya illərində Qazaxıstanda keçmiş, Tofiq Sultanov adlı bir şəxs gəldi.
Gəldiyi gündən hamımızla “günaydın, günaydın” deyə salamlaşardı. O vaxt bu söz çox nadir hallarda işlədilirdi, bizim üçün tamamilə yeni idi. Öyrəşmədiyimiz üçün alışa bilmirdik…
Tofiq müəllim isə hər dəfə bu sözü təkrar-təkrar deyərək sanki beynimizə yeridirdi. O qədər demişdi ki, hamı onun əsl adını unudub “Günaydın” kimi tanımışdı.
Bir dəfə türk redaksiyasının diktoru otağımıza gəlib:
— Günaydın müəllim hardadır? — deyə soruşdu.
Biz də xorla:
— Direktorun otağına bax, yəqin ordadır, — dedik.
Bir azdan qadın pörtmüş halda geri gəlib dedi:
— Ay balam, bu kişinin adı “Günaydın” deyil bəyəm? İçəri girib “Günaydın müəllim sizsiniz?” deyən kimi kişi necə əsəbiləşdisə… Dedi ki, özün də türk diktorusan, “Günaydın” ad olar bəyəm?..
Bu kəlməyə qani qaynamayan Maya xanım Tofiq müəllimə:
— Ay Tofiq müəllim, o qədər “Günaydın” demisiniz ki, camaatda günah yoxdur, hamı sizi bu adla tanıyır. Hamını da məcbur edirsiniz ki, bu cür salamlaşsın. Şəxsən mən bu cür salamlaşmamaq üçün işə sizdən yarım saat tez gəlirəm…

 

“İki nöqtə: biri altdan, biri də üstdən!”

 

Qocaman diktor, Xalq artisti, Azərbaycan radiosuna ömrünü həsr etmiş Soltan Nəcəfovla bağlı daha bir epizod yadıma düşdü.
O vaxtlar teletaypdan başqa demək olar ki, heç bir texnika yox idi. Teletayp da əsasən iri idarələrdə olurdu. Bütün informasiyalar mətbuata həmin teletayp vasitəsilə ötürülürdü. Əyalət qəzetləri üçün isə Radioda Soltan Nəcəfov, ondan sonra da Nəriman Qəhrəmanlı məlumatları aramla, imla şəklində oxuyurdular. Rayon qəzetlərinin redaksiyaları da bu informasiyaları yazıb öz qəzetlərində dərc edirdilər.
Soltan müəllim çox məsuliyyətli, işini ürəkdən sevən bir insan idi. Ona görə də hər gün rayon qəzetlərini gözdən keçirir, harada səhv görürdüsə, efirdə səsləndirirdi.
Bir gün qəzetləri oxuyarkən görür ki, iki nöqtə yan-yana yazılıb. Digər qəzetlərə də baxır və eyni səhvin hamısında təkrarlandığını görür. Ertəsi gün materialları efirdə oxuyarkən deyir:
— Əziz redaktorlar, iki nöqtəni düzgün yazmamısınız. İki nöqtə üç nöqtə kimi yan-yana yazılmır.
Növbəti gün yenə qəzetlərə baxanda nöqtələrin yenə yan-yana yazıldığını görür. Bu dəfə bərk əsəbiləşir və efirə çıxıb deyir:
— Hörmətli qəzet redaktorları, iki nöqtə: biri altdan, biri də üstdən!..

Yaxşı insanlar unudulmur

 

Radioda çox gözəl insanlar çalışırdı. Hamısı da səmimi, sadə, savadlı, bir-birinin köməyinə çatan, bir-birinin xeyrində-şərində ürəkdən iştirak edən insanlar idi.
Həmin gözəl insanlardan biri də hörmətli Yalçın Əlizadə idi. O, nadir savad sahibi olan ziyalılardan idi. Moskva radiosunu gözüyumulu tərcümə edib efirə verərdi. Bu, təkcə dil biliyi yox, həm də böyük peşəkarlıq və məsuliyyət tələb edirdi.
Sonralar dissertasiya müdafiə etdi, Azərbaycan Dövlət Universitetində müəllimlik fəaliyyətinə başladı, Jurnalistika fakültəsinin dekanı oldu. Neçə-neçə tələbənin yoluna işıq saldı. Mənim də diplom işim radio verilişləri ilə bağlı idi və elmi rəhbərim Yalçın müəllim idi. Bu, mənim üçün həm şərəf, həm də böyük məktəb idi.
Bu gün isə Yalçın müəllim artıq aramızda yoxdur. Gözəl bir insan, əsl ziyalı bu dünyadan köçdü. Allah rəhmət eləsin. Allah o biri dünyasını versin. Yaxşı insanlar sağlığında rəhmət qazanır, ölümündən sonra isə xatirələrdə yaşayır. Belə insanlar heç vaxt unudulmur.
Yeri behiştlik olsun…

 

Əməkdar dinləyici

 

Diqqəti bölmək hər insanda olmur. Məsələn, seriala baxarkən bütün diqqətimiz yalnız ona yönəlir, başqa heç nəyi ya görə, ya da eşidə bilmirik.
Amma elə insanlar var ki, bunu asanlıqla edə bilirlər. İş yoldaşım Maya xanım diqqətini bir yox, iki yox, istədiyi qədər bölə bilirdi. Hətta səs-küylü otaqda telefonla danışan həmkarlarının nə dediklərini belə sezirdi. Bunun üçün xüsusi istedad lazımdır.
Maya xanımın bir başqa üstünlüyü də başqasının dərdlərini dinləmək qabiliyyətiydi. Səhər iş yoldaşlarımız bir-bir onun yanına gəlib öz dərdlərini danışar, o da səbr və diqqətlə qulaq asardı. Birinin dərdi bitirdi, digəri gəlirdi…
Mən Maya xanımdakı bu hövsələyə heyran qalırdım və ona “əməkdar dinləyici” adını vermişdim. Deyirdim, sən dərd dinləyərkən redaksiyada nə qədər maraqlı söhbətlər, informasiyalar olur… O isə gülərək deyirdi: “Hamısını eşitmişəm.”
İndiki müasir dövrdə nə yaxşı ki, sosial şəbəkə var — ürəyimizdə nə varsa orada paylaşır, yüngülləşirik. Bəzən sevincimizi, bəzən də kədərimizi bölüşürük və günümüzü belə tamamlayırıq.
Diqqətimizi bölə bilək, ya bilməyək… fərqi yoxdur. Əsas odur ki, bir-birimizin yazdıqlarını görür, bəyənir və qiymətləndiririk.

 

Sevgili və Markiz

 

Radioda bir rəssam rəfiqəm var — Səmayə xanım. Çox humanist qadındır: həddindən artıq xeyirxah, mərhəmətli, bütün canlıları sevən biridir. Xüsusən də pişikləri…
Bir-iki il əvvəl səhər qapısının qabağında balaca, xəstəhal, zəif bir pişik balası görür. Yazığı gəlir, aparıb həkimə göstərir, bütün iynələrini vurdurur, onun üçün xüsusi torpaq və yemək alır, saxlayıb böyüdür.
Bir müddət sonra bu pişiyin dalınca bir dişi pişik gəlir, qapıda miyoldayır, sanki ağlını oğurlayır və pişik düz səkkiz gün evdən yoxa çıxır…
Rəfiqəm onu çox axtardıqdan sonra qonşu blokların birində tapır. Blokun qapısından:
— Markiz, Markiz! — deyə çağırır.
Səsə Markizin “sevgilisi” çıxır. Qadın deyir:
— Səni çağırmıram, get Markizi çağır!
Bu vaxt Markiz görünür. Sahibəsindən qaçmaq üçün həyətdə bir yer tapıb gizlənmək istəyəndə qadın onun quyruğundan yapışıb dartır. Bu hərəkət Markizin xoşuna gəlmir və qadının barmağını bərk dişləyir…
Qadın barmağından qan axa-axa evə gəlir ki, hazırlaşıb həkimə getsin. Evə çatanda isə görür ki, Markiz ondan əvvəl gəlib…
Markizi evə salıb özü həkimə gedir. Həkim ona bir neçə iynə vurur, o da ödənişini edib evə qayıdır.
Növbəti dəfə Markizi həkimə aparmalı olur. Həkim müayinədən sonra deyir ki, səkkiz gün itdiyinə görə Markiz iki həftə karantində qalmalıdır. Qadın bu dəfə pişiyin ödənişini edir. İki həftəlik karantindən sonra bir daha ödəniş edir və Markiz ömürlük “Markiza” olur…
İndi Markizin “sevgilisi” iki balaca bala ilə gəlib onu nə qədər çağırsa da, Markiz heç cür çölə çıxmır. Elə qorxub ki, balkondan belə boylanmır. Beləcə, Markiz anlayıb ki, sevgi risklidir, ev isə müqəddəs.

“Bu nə vaxt öldü?”

 

Radionun Xarici Verilişlər Redaksiyasında təbiətən çox sakit, heç kimlə işi olmayan, varlığını belə hiss etdirməyən, kölgə kimi bir adam vardı. Həyat yoldaşı onun içki düşkünü olması səbəbindən ayrılmışdı.
Bir gün radioya xəstəxanadan zəng etdilər ki, həmin adam dünyasını dəyişib, mərhuma sahib çıxan yoxdur.
O vaxt insana böyük hörmət vardı. Redaksiyanın əməkdaşları yığışıb xəstəxanaya getdilər, ordan məscidə, sonra da cənazəni radionun binasına gətirdilər. Bizə də xəbər verdilər ki, cənazə birinci mərtəbədə, foyedədir.
Hamımız mərhumu son mənzilə yola salmaq üçün foyeyə endik. Çıxışlar edildi, haqqında xoş sözlər deyildi. Bu zaman əlində çoxlu lentlər olan, heç nədən xəbəri olmayan və hamımızın “sulugöz” kimi tanıdığı qadın əməkdaşımız səsyazma studiyasından çıxıb foyeyə daxil oldu. Gördüyü mənzərədən dəhşətə gəlib elə ağladı ki, sanki Allah eləməmiş, yaxın bir əzizi dünyasını dəyişmişdi.
Qadının “ay yazıq, ay yazıq” deyə bərkdən ağlamasını, sakitləşmədiyini görənlər çıxışlarını yarımçıq saxlayıb cənazəni qaldırdılar. Foye boşaldı. Qadının qoluna girib yuxarı aparmaq istəyəndə birdən gözü mərhumun divardan asılmış şəklinə sataşdı. Şəklə heyrətlə baxıb dedi:
— Aaa, bu piyaniskə nə vaxt ölüb?
Demə, qadın yasını tutduğu ölənin kim olduğunu heç bilmirmiş…

 

Mənbə: Azərbaycan.media