Azərbaycan.media xəbər verir ki, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə müqəddəs Ramazan ayında bir qrup şəhid ailəsi üçün 8 Mart – Beynəlxalq Qadınlar Günü və Ramazan ayı münasibətilə tədbir təşkil edilib.
Tədbirə Azərbaycanın suverenliyi uğrunda canlarını fəda etmiş 100-dən çox şəhidin ailə üzvləri qatılıb. İftar məclisi şəhidlərin xatirəsinin yad edilməsi, dövlət himninin səsləndirilməsi və onların ruhuna duaların oxunması ilə başlayıb.
“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova və Veysəloğlu Şirkətlər Qrupunun təsisçisinin həyat yoldaşı Afət Talıbova çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və dəstəyi, həmçinin Veysəloğlu Şirkətlər Qrupunun şəhid ailələrinin məşğulluğuna verdiyi əhəmiyyətli dəstəyi vurğulayıblar.
Tədbirdə həmçinin İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva və Milli Məclisin deputatları Mehriban Vəliyeva, Nigar Məmmədova və Elnarə Akimova şəhid analarını və xanımlarını 8 Mart münasibətilə təbrik edib, onların fədakarlığını və möhkəm iradəsini yüksək qiymətləndiriblər.
Şəhid ailələrinin nümayəndələri – analar və xanımlar – çıxış edərək əziz şəhidlərin xatirəsinin daim uca tutulmasının önəmini qeyd ediblər. Tədbir Azərbaycanın Xalq artisti Nəzakət Teymurova və gənc xanəndə IX “Muğam” televiziya müsabiqəsinin finalçısı Yusif Cəfərbəylınin vətənpərvər ruhlu bədii ifaları ilə davam edib.
Tədbirin sonunda iştirakçılara Veysəloğlu Şirkətlər Qrupu tərəfindən hədiyyələr təqdim olunub.
