🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Milli Məclisin deputatı: Naxçıvana dron hücumu açıq təxribatdır

Azərbaycan.media xəbər verir ki, Milli Məclisin deputatı, Elnarə Akimova Naxçıvana İran ərazisindən həyata keçirilən dron hücumunu sərt şəkildə pisləyib.

Deputat bildirib ki, bu hücum təkcə sərhəd insidenti deyil, həm də beynəlxalq hüquqa meydan oxuma və regionda sabitliyə qarşı yönəlmiş təhlükəli addımdır. Onun sözlərinə görə, mülki infrastruktur və vətəndaşların istifadə etdiyi hava limanına zərbə endirmək nə hərbi üstünlük, nə də siyasi güc nümayişidir, bu, acizlik və qorxaqlıqdır.

Elnarə Akimova qeyd edib ki, məsuliyyət tam şəkildə İran İslam Respublikasının üzərinə düşür. Azərbaycan hər zaman qonşuluq və mehriban münasibətlər prinsiplərinə sadiq olub, ölkənin ərazisi heç vaxt digər dövlətlər üçün təhlükə olmayıb. Prezident İlham Əliyev İranın Ali Liderinin vəfatı ilə bağlı dərhal başsağlığı verərək diplomatik etikaya sadiqliyini nümayiş etdirib.

Deputat əlavə edib ki, bu hücum beynəlxalq hüququn norma və prinsiplərinə açıq şəkildə ziddir, dövlətlərin suverenliyinə hörmət və mülki əhalinin qorunması prinsipləri kobud şəkildə pozulub. Mülki infrastrukturu hədəfə almaq terror aktından başqa bir şey deyil və regionda gərginliyi artırmaq cəhdi kimi qiymətləndirilir.

Elnarə Akimova həmçinin vurğulayıb ki, İranın azərbaycanlı soydaşlara qarşı milli-mədəni hüquqları məhdudlaşdırması və təxribat siyasəti bu hücumun qəbuledilməz, amma təəccüblü olmadığını göstərir.

Deputat bildirib ki, Azərbaycan sülh tərəfdarı olmaqla yanaşı zəif deyil və ölkə öz suverenliyini və vətəndaşlarının təhlükəsizliyini qorumaq hüququna malikdir. Hücum aktları cavabsız qalmayacaq və Naxçıvana atılan dron artıq qırmızı xətt kimi qiymətləndirilir.