NÜSRƏT KƏSƏMƏNLİ
_XOCALI_

Tanklar qan üstündən yeridi,
Neçə can üstündən yeridi.
Körpələr qaldı dəmir ayaqlar altında,
İmdad istəyən böyüklərə
güvənmədilər daha.
Ölü anaların döşlərindən
süd əmmədilər daha.
Gözləri heyrətlərindən böyük idi,
Açılmışdı yaradan axan qan kimi.
Üzüqoylu yıxılmışdılar,
Təzədən öləcəkdilər ayağa qalxan kimi.
Xocalı keçirdi xəyanət marağından,
Xocalı keçirdi
tank lüləsindən, yağı gülləsindən, avtomat darağından.
Güllələdilər adamından qarışqasınadək,
Güllələdilər quzusunu, qoçunu
Güllələdilər anaların çəpərlərə
ilişib qalmış saçını,
qardaşı, bacını.
Güllələdilər Babəkin qılıncını
Koroğlunun atını,
Güllələri qaytarmadı
Cavanşirin qalxanı.
Əzdilər yıxılanı,
Vurdular qalxanı.
Hanı bu yurdun
Nəbisi, Səttarxanı?!
Nadanlar satıb getdi
daği- daşı, torpağı.
Ölənlər “Vətən!” deyıb
Kəfən etdi bayrağı.
Nənələr dilində duası ölmüşdü,
Onları aparmağa
uluların ruhu gəlmişdi.
Təzə ruhların əllərindən tutub apardılar,
Körpələri ayağa qaldırdılar
Balaca tabutlara dönmüşdü beşikləri,
Qulaqlarında hələ yaşayırdı
layla səsləri.
Bir az göz yaşlarına,
Bir az ağıya bənzəyirdi.
Laylalar uçulu evlərin
divarlarına dəyirdi,
Laylalar dizlərinə döyürdü,
Dünənə, bu günə, sabaha
Nifrətlə gülümsəyirdi…
Dağılmışdı zaman arasındakı körpülər,
Bir anda yüz il qocalmışdı körpələr.
Sözlərini yanan zəmilərə deyirdilər,
Sözlərini satqın “əmilərə” deyirdilər.
Deyirdilər:
Qalanı satdınız, dağı satdınız
Qarabağı satdınız,
Satdınız anaların yolunmuş saçını
Satdınız Şuşanı, Laçını
Satqınlıqda gördünüz, həyatın əlacını.
Şəhidlərdən soruşun ölümün şərəfini
Qoy onlar desin!
Bu yurd üçün, el üçün
Məşəl olanlar desin!
Biz onsuz da gedirik
Qoy sizin adınızı
sağ qalanlar desin!
Körpələri ruhlar eşitdi,
yaşayanlar duymadı,
Tanklar hey çeynəyirdi
ac lülələr doymadı…
Alovda qızınırdı
soyuğun buz nəfəsi
Havadaca donurdu
göz yaşı, fəryad səsi…
Qapalı gözlər vardı,
qulaqlar eşidirdi,
Açıq gözlər var idi,
qapana bilmirdilər,
Baxırdılar bu dəhşətin sonluğuna.
Qapalı gözlər həsəd aparırdı
açıq gözlərin korluğuna.
Əsirlər həsədlə baxırdılar
Ölülərin rahatlığına.
Ölülərin son laylasını
küləklər çalırdı,
Qanadı qırılmış, gözü yaşlı
mələklər çalırdı:
Neçə toy-düyün getdi,
Ömür getdi, gün getdi,
Bu yerin sahibləri,
Sahibsiz, köçkün getdi.
Heyrətdən donub bəşər,
Dara çəkir xeyri şər.
Sərkərdə satqın olsa,
İgidi əsir düşər.
Daşı, torpağı qanlı,
Tarixi həyəcanlı.
Heyrət içindəyəm mən
Ölü dirildən canlı…
Xocalı xocam mənim,
Ölümdən ucam mənim.
Bir gün öpəm torpağın,
Daşını qucam sənin…
Mənbə: Azərbaycan.media
