🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Millət vəkili Elnarə Akimova: Kahramanmaraşda baş verən faciə bütün Türk dünyasının ürəyində sağalmaz yara açdı

Azərbaycan.media xəbər verir ki, Milli Məclisin deputatı Elnarə Akimova qardaş Türkiyənin Kahramanmaraş şəhərində baş verən faciə ilə bağlı dərin hüznünü ifadə edib. Deputat bildirib ki, bu ağır hadisə təkcə Türkiyəni deyil, Azərbaycan xalqını da sarsıdıb və bütün Türk dünyasını kədərə qərq edib.
Millət vəkili qeyd edib ki, məktəb kimi müqəddəs və təhlükəsiz sayılan bir məkanda günahsız uşaqların və onların müəlliminin həyatının yarımçıq kəsilməsi insanlığı dərindən sarsıdan faciədir. Onun sözlərinə görə, belə hadisələr cəmiyyətin yaddaşında silinməz iz qoyur və hər kəsin ürəyində dərin kədər yaradır. Bu faciə bir daha göstərdi ki, zorakılıq və qəddarlıq harada baş verməsindən asılı olmayaraq, bütün bəşəriyyət üçün ağır itkidir.
Elnarə Akimova Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırladaraq Azərbaycan və Türkiyə arasında mövcud olan sarsılmaz qardaşlıq münasibətlərini vurğulayıb. O bildirib ki, bu tarixi və mənəvi bağlar iki xalqı sevincdə də, kədərdə də birləşdirir:
“Türkiyənin kədəri bizim kədərimizdir, göz yaşları bizim göz yaşlarımızdır. Bu gün Azərbaycan olaraq qardaş Türkiyənin acısını öz içimizdə hiss edir, bu ağrını ürəyimizin ən dərin yerində yaşayırıq.”
Deputatın sözlərinə görə, həyatlarının ən saf və ən ümid dolu çağında əbədi susan uşaqlar yalnız ailələrinin deyil, bütün Türk dünyasının ümidləri idi. Onların yarım qalan arzuları, deyilməmiş sözləri və yaşanmamış sabahları bu faciənin ən ağır və unudulmaz yükü kimi yadda qalacaq. Bu itki təkcə bir neçə ailənin deyil, bütöv bir millətin və gələcəyin itkisi kimi dəyərləndirilir.
Elnarə Akimova qeyd edib ki, Azərbaycan xalqı hər zaman qardaş Türkiyənin yanında olub və bundan sonra da olacaq. O vurğulayıb ki, belə çətin günlərdə göstərilən mənəvi dəstək iki ölkə arasındakı sarsılmaz birliyin və həmrəyliyin bariz nümunəsidir. Deputat həmçinin faciənin qurbanlarının xatirəsinin daim ehtiramla anılacağını bildirib.
Millət vəkili bu ağır gündə həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verib, yaralılara isə tezliklə sağalmaları üçün dualar edib:
“Bu ağır gündə həyatını itirənlərin ailələrinə səbir diləyir, yaralılara şəfa arzulayırıq. Günahsız insanların ruhu şad olsun, xatirələri daim yaşasın.”
Sonda deputat Azərbaycan və Türkiyə xalqlarının qardaşlıq və həmrəylik ruhunun belə sınaqlardan daha da güclənərək çıxacağını vurğulayıb.

 

Mənbə: Azərbaycan.media