Azərbaycan.media xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyində (SXA) yeni kadr təyinatları həyata keçirilib.
Publika.az-ın “Unikal”a istinadən məlumatına görə, agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov müvafiq əmrlər imzalayıb. Əmrlərə əsasən, bir neçə struktur bölməyə yeni rəhbərlər təyin olunub.
Belə ki, Ceyhun İntiqam oğlu Əliyev Daxili nəzarət və monitorinq departamentinin müdiri, Elnur Həmidağa oğlu Əliyev isə Sosial təminat departamentinin müdiri vəzifəsinə təyin edilib.
Qeyd olunub ki, E.Əliyev bundan əvvəl Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş departamentinin müdiri vəzifəsində çalışıb. Onun yerinə həmin departamentə müdir müavini vəzifəsində çalışan İlkin Rafayıl oğlu Tahirov təyin olunub.
Bundan əlavə, Sosial Xidmətlər Agentliyinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Cavid Ziyatxan oğlu Əhmədli Maliyyə Departamentinin müdir müavini vəzifəsinə gətirilib.
