Söz insanın ən böyük sərvəti, ən güclü silahı və ən etibarlı dayağıdır. Tarix boyu xalqlar sözlə ucalıb, sözlə öz kimliyini qoruyub saxlayıb. Ədəbiyyat və jurnalistika millətin mənəvi yaddaşı, onun ruhunun aynasıdır. Sözə dəyər verilən cəmiyyətlər inkişaf edir, sözün qiymətdən düşdüyü mühitlər isə tənəzzülə uğrayır. Buna görə də söz adamlarının qorunması və dəstəklənməsi hər bir dövlətin və cəmiyyətin mənəvi borcudur.
Söz yox, hamımız türkük və türkləri də sevirik. Lakin hər şey öz çərçivəsində, öz əndazəsində gözəldir. Bəzən düşünürəm: niyə öz içimizdəkiləri layiqincə dəyərləndirmirik? Niyə daim qırağa üz tutur, kənardakıları başımızın üstünə qaldırırıq? Halbuki xalqın gücü onun öz övladlarına verdiyi qiymətlə ölçülür. Təəssüf ki, biz çox vaxt istedadlı insanlarımızın qədrini bilməyi bacarmırıq. Halbuki təvazökarlıq insanın ən gözəl xüsusiyyətlərindən biridir. İnsan özünü gözə soxmamalı, heç kimin yerini dar etməməlidir. Lakin bəzən görürəm ki, təvazökarlıq insanı daha da kölgədə qoyur. İstedadını və haqqını tələb edə bilməyənlər isə görünməz olur. Bəs haqqı kimdən tələb edək? Bu gün 38 yaşım var. Gənc olmağıma baxmayaraq, ölkəm üçün az iş görməmişəm. Neçə-neçə müxtəlif mövzuda mahnı mətnlərinin müəllifiyəm. Şuşanın azadlığı münasibətilə yazdığımız “Qarabağ – Şuşa” əsərinin, Zəfər Gününün beşilliyinə həsr olunmuş “Vətən üçün doğulanlar” adlı əsərin müəllifiyəm. Dövlətimizə, vətənimizə və rəhbərimizə ithaf olunan patriot ruhlu, “Azərbaycan”, “Salam olsun rəhbərimə” kimi yaradıcılıq nümunələri qələmə almışam. Yüzdən artıq məqalə, əlliyə yaxın müsahibə, bir neçə hekayə və bir mənzum dramın müəllifiyəm. Eyni zamanda, Azərbaycan.media saytının rəhbəri kimi fəaliyyət göstərirəm. Bütün bunlara baxmayaraq, hələ də çətinliklərlə üzləşirəm. Bu ölkədə hər şeyin tapşırıq və tanışlıqla həll olunması nə vaxta qədər davam edəcək – bunu demək çətindir. Bəzən düşüncələr o qədər ağırlaşır ki, insanın həm beyni, həm də başı yorulur. Belə anlarda adam dərdini kimə deyəcəyini bilmir. Elə olur ki, səsimiz göylərə ucalır, amma cavabı gec eşidilir. Bir zamanlar televiziya və radio verilişlərinə dəvət alır, heç olmasa bir-iki şeir səsləndirirdik. Bu isə yaradıcılıq insanı üçün həm stimul, həm də mənəvi dayaq idi. Təəssüf ki, indi buna da həsrət qalmışıq. Söz adamının səsinin eşidilməməsi isə onun üçün ən ağır sınaqlardan biridir. Təəssüf doğuran məqamlardan biri də odur ki, rayonumuzun millət vəkili belə mənim kimi istedadlı bir gəncə dəstək göstərmir. Halbuki yaradıcı insanlara verilən dəstək təkcə bir fərdin deyil, bütövlükdə cəmiyyətin mənəvi inkişafına xidmət edir. Vaxtilə mərhum millət vəkili Qənirə Paşayeva mənə böyük dəstək göstərirdi. O, istedadı görməyi və qiymətləndirməyi bacaran nadir şəxsiyyətlərdən idi. Bu gün isə belə dəstəyə daha çox ehtiyac duyulur. Çünki istedad diqqət və qayğı görməyəndə sönür. Ailə daxilində iki övladdan birinə daha çox diqqət göstərilib digərinə göstərilməyəndə necə inciklik yaranırsa, cəmiyyətdə də istedadlı insanların diqqətdən kənarda qalması eyni hissi doğurur. Ögey-doğmalıq məhz buradan başlayır. Elə buna görə də deyirik: biz sözün ögey balasıyıq. Lakin bütün çətinliklərə baxmayaraq, yaradıcılıq yolundan dönmək fikrim yoxdur. Çünki bilirəm ki, əziyyətsiz zəfər olmaz. Mən “halva biş, ağzıma düş” prinsipi ilə yaşamıram. Ədəbiyyat və jurnalistika mənim nəfəsimdir. Söz mənim ürəyim, oksigenim və həyatımın mənasıdır. Odur ki, yaradıcılığıma laqeyd yanaşmayın. Əvvəl öz evimizin içini dəyərləndirək, sonra başqalarını qiymətləndirək. İstedadlı gənclərin ümidsizliyə sürüklənməsinə imkan verməyək. Bu, həm vicdanın, həm də cəmiyyətin qarşısında borcumuzdur. Bu gün mənim kimi neçə-neçə istedadlı insan var ki, bir addım belə ata bilmir. Çətin məqamda hamı üz döndərir. Bəzən isə insanın qarşısına “haralısan, kimin qohumusan?” kimi suallar çıxarılır. Halbuki istedadın nə ünvanı, nə də qohumu olur. Mən inanıram ki, hər şey yaxşılığa doğru dəyişə bilər. Necə ki, şeirlərimin birində özümə təsəlli verərək yazmışam:
Döz! Düzələcək!
Sənə çox dedilər dostlar, tanışlar:
“Az qalıb… Bu dünya döz, düzələcək.
Bir az səbirli ol, bir az toxdaq ol,
Çölləri, düzləri gəz, düzələcək…”
Fikirdən ürəyim yanan bir kürə,
Dərdim axıb getmir Arazla Kürə.
Dedilər, qələmi sən qoyma yerə,
Yorulmaq bilmədən yaz, düzələcək.
Fələk hər vaxt mənə qəmdən don biçir,
İmtahan etməyə hey məni seçir.
Çox da ömrüm-günüm qış kimi keçir,
Dedilər: “Gələcək yaz, düzələcək.”
Heç nəyin dərdini gəl çəkmə sən də,
Qəlbini eyləmə hey kündə-kündə.
Yalanla başını qataraq gündə,
Alsan bu dünyadan həzz, düzələcək!
İnanıram ki, səbr, zəhmət və inam insanı gec-tez arzularına çatdırır. Çünki sözün gücü heç vaxt itmir.
Bu gün sözə sahib çıxmaq, əslində milli kimliyimizə sahib çıxmaq deməkdir. Söz yaşadıqca millət yaşayır, söz ucaldıqca xalq ucalır. Ümid edirəm ki, cəmiyyətimiz söz adamlarının qədrini daha yaxşı biləcək, istedadlı qələm sahiblərinə layiq olduqları dəyər veriləcək. O zaman nə söz sahibləri ögey qalacaq, nə də istedad kölgədə itib-batacaq.
Müəllif: Fuad Biləsuvarlı
AYB və AJB üzvü, Prezident və Həsən bəy Zərdabi mükafatçısı
Mənbə: Azərbaycan.media
