Azərbaycan.media xəbər verir ki, Bakı Dövlət Universitetində (BDU) Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri təşkil olunub.
Tədbirdə BDU-nun rektoru Elçin Babayev çıxış edərək Xocalı faciəsinin XX əsrin sonlarında insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu bildirib. O qeyd edib ki, 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərində dinc əhaliyə qarşı misli görünməmiş qəddarlıq nümayiş etdirilib, yüzlərlə günahsız insan yalnız milli mənsubiyyətinə görə qətlə yetirilib.
Rektor vurğulayıb ki, soyqırımı nəticəsində 613 nəfər öldürülüb, 1000 nəfər dinc sakin aldığı güllə yarasından əlil olub. Qətlə yetirilənlərin 106-sı qadın, 63-ü azyaşlı uşaq, 70-i isə qoca olub. Səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər isə valideynlərindən birini itirib. Faciə gecəsi 1275 nəfər girov götürülüb, onların 150-nin taleyi isə indiyədək məlum deyil.
Elçin Babayev bildirib ki, Xocalı soyqırımına ilk hüquqi-siyasi qiymət Ümummilli Lider Heydər Əliyev tərəfindən verilib. Onun təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib və beynəlxalq ictimaiyyətə müraciət olunub.
Rektor çıxışında Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasının soyqırımının beynəlxalq miqyasda tanıdılması istiqamətində mühüm rol oynadığını da qeyd edib.
O əlavə edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan tarixinin yeni mərhələsinə qədəm qoyub. 44 günlük Vətən müharibəsində qazanılan Zəfər nəticəsində ölkənin ərazi bütövlüyü və suverenliyi bərpa olunub, işğala son qoyulub. Xocalının azad edilməsindən sonra şəhərin bərpası və keçmiş məcburi köçkünlərin qayıdışının təmin olunması dövlətin əsas prioritetlərindən biridir.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı, Əməkdar jurnalist Sevil Mikayılova isə xalqın tarixi qələbəsinə aparan yolun ağır və faciələrlə dolu olduğunu vurğulayıb. O qeyd edib ki, Xocalı kimi faciələrin bir daha təkrarlanmaması üçün güclü tarixi yaddaşa və hər cür təhdidə sinə gərə biləcək vətənpərvər gəncliyə ehtiyac var.
