🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Qara çörək növləri bahalaşıb – “kəpəkli baton”un qiyməti 20 qəpiyə yaxın artıb

Azərbaycan.media xəbər verir ki, son bir həftə ərzində bəzi çörək növlərinin qiymətində artım müşahidə olunur. Xüsusilə “kəpəkli baton” və digər adda qara çörək növlərinin əvvəlki qiymətlərlə müqayisədə bahalaşdığı diqqət çəkir. Həmin məhsullar əsasən “N1” çörək zavodunda və “Çörəkçi” müəssisəsində istehsal olunur.

400 qramlıq “kəpəkli baton” çörəyinin qiyməti təxminən 19–20 qəpik artıb. Əvvəllər 1 manata təklif olunan məhsul hazırda supermarketlərdə 1 manat 19–20 qəpik aralığında satılır. Digər qara çörək növlərində də qiymət artımı qeydə alınıb.

Ağ çörək növlərində, o cümlədən kütləvi istehlakçıların aldığı “zavod çörəyi”ndə isə artım müşahidə olunmayıb.

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, bəzi çörək növlərinin bahalaşması dünya bazarında baş verən proseslərlə əlaqədardır. Onun sözlərinə görə, qlobal miqyasda unun qiyməti artıb, eyni zamanda Azərbaycana taxıl idxalı sahəsində müəyyən çətinliklər yaranıb.

“Qonşu Rusiya və Ukrayna arasında davam edən müharibə taxıl bazarına təsir göstərərək qiymət artımına səbəb olur. Bu amillər isə unun, dolayısı ilə çörəyin maya dəyərinə təsir edir”, – deyə o vurğulayıb.

Eyyub Hüseynov qeyd edib ki, çörəyin qiyməti ümumilikdə sərbəstdir və istehsalçılar məhsulu istədikləri qiymətə sata bilərlər. Lakin “zavod çörəyi” və ya sosial çörək adlandırılan məhsullara hökumət tərəfindən ciddi nəzarət mövcuddur və onların qiymətinin artmaması üçün tədbirlər görülür. Onun sözlərinə görə, bu növ çörəyi istehsal edən müəssisələrin rentabelliyi hazırda çox aşağı səviyyədədir.

AİB sədri hesab edir ki, sosial çörək istehsalçılarına əlavə dəstək mexanizmləri tətbiq olunmalıdır: “Elə şərait yaradılmalıdır ki, bu müəssisələr müəyyən vergi güzəştlərindən yararlansın və ucuz sosial çörəyin istehsalı davam etdirilsin. Əslində onların da qiyməti sərbəst olmalıdır”.

O əlavə edib ki, bahalaşmaya təsir edən yeganə amil dünya bazarındakı qiymət artımı deyil. Market şəbəkələrinin rəflərdə yer üçün tələb etdiyi ödənişlər, müxtəlif kampaniya xərcləri, daşınma məsrəfləri və tətbiq olunan cərimələr də maya dəyərinə təsir göstərir. Onun sözlərinə görə, bəzi istehsalçılar ay ərzində 2–3 min manatadək yol hərəkəti cəriməsi ödəməli olur ki, bu da əlavə maliyyə yükü yaradır.

Qara çörək növlərində qiymət artımının səbəbi ilə bağlı istehsalçılara sorğu ünvanlansa da, “N1” çörək istehsalçısından sorğuya cavab almaq mümkün olmayıb.