Azərbaycan.media xəbər verir ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib.
Sərəncama uyğun olaraq, TƏBİB-in Müşahidə Şurasının sədri Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədov təyin olunub.
Hazırda Prezidentin sosial-iqtisadi məsələlər üzrə köməkçisi vəzifəsini icra edən Xalid Əhədov 4 fevral 1980-ci ildə anadan olub. O, 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini maliyyə və kredit ixtisası üzrə magistr dərəcəsi ilə bitirib. Daha sonra 2012-ci ildə İspaniyanın Instituto de Empresa (IE) biznes məktəbində biznesin idarə edilməsi, 2019-cu ildə isə Böyük Britaniyanın London İqtisadiyyat Məktəbində (LSE) dövlət inzibatçılığı üzrə magistr təhsili alıb.
O, ingilis, rus, ispan və türk dillərini bilir.
Karyerasına 1999-cu ildə bank sektorunda başlayan X.Əhədov “Bank of Baku” (1999–2012) və “Unibank” (2012–2016) kimi maliyyə qurumlarında müxtəlif rəhbər vəzifələrdə çalışıb. Eyni zamanda “Atəşgah Sığorta”nın Müşahidə Şurasının üzvü, “MilliKart” prosessinq mərkəzinin Direktorlar Şurasının sədri vəzifələrini də icra edib.
2016-cı ildə “AzərTürkBank”ın İdarə Heyətinin sədri olub, həmin ilin dekabrından 2018-ci ilin martınadək Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri vəzifəsində çalışıb. O, həmçinin Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin üzvü seçilib.
2018-ci il avqustun 28-dən Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi, 2022-ci il noyabrın 17-dən isə Prezidentin sosial-iqtisadi məsələlər üzrə köməkçisi vəzifəsini tutur.
X.Əhədov eyni zamanda bir sıra dövlət qurumlarının Müşahidə Şuralarında təmsil olunur. O, Azərbaycan İqtisadi Şurasının, “ABB” ASC-nin, “Azərbaycan Hava Yolları” QSC-nin, “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Müşahidə Şuralarının üzvüdür, həmçinin “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Müşahidə Şurasının sədridir.
Qeyd edək ki, o, 2026-cı il fevralın 27-də yaradılan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasına da üzv təyin olunub.
Xalid Əhədovun ailəli olduğu, üç övladının olduğu bildirilir. Onun atası Nurəddin Əhədov isə Azərbaycan tibb sahəsində tanınmış həkimlərdən biri olub və Ali Sovetin XII çağırış deputatı kimi fəaliyyət göstərib.
