Azərbaycan.media xəbər verir ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM), yəni Orta Dəhlizin inkişafı çərçivəsində “Qazaxıstan Dəmir Yolları” şirkəti konteyner daşımalarının sürətinin artırılmasına yönəlmiş yeni logistik yanaşmalar tətbiq etməyə başlayıb.
Məlumat “APA-Economics”ə “Qazaxıstan Dəmir Yolları”nın rəsmi açıqlamasına istinadən bildirilib.
Qeyd olunur ki, 2026-cı ilin I rübünün nəticələrinə əsasən, TBNM marşrutu üzrə 125 konteyner qatarı daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 34,4% artım deməkdir.
Yanvar ayından etibarən konteyner qatarlarının formalaşdırılmasında “4:3” və “3:2” prinsiplərinə əsaslanan yeni model tətbiq olunur. Bu yanaşma dəmir yolu və dəniz daşımalarının sinxronlaşdırılmasına imkan yaradır, konteyner qatarlarının birbaşa gəmi partiyalarına uyğun şəkildə formalaşdırılmasını təmin edir. Nəticədə yüklərin əlavə yığılma müddəti azalır və emal prosesi daha sürətli həyata keçirilir.
Məlumata görə, bu model artıq praktiki nəticələr də verib və 28 konteyner qatarı partiyası göndərilib. Daşımalar Abşeron, Poti, Tbilisi, Mersin və İzmit kimi əsas logistik mərkəzlər istiqamətində həyata keçirilib.
Eyni zamanda, marşrut üzrə yük bazasının coğrafiyası da genişləndirilir. 2025-ci ildə əsas yük göndərişlərinin təxminən yarısının həyata keçirildiyi Sian şəhəri ilə yanaşı, Çinin Çjençjou, İu, Xefey, Uhan, Tyantszin, Şençjen və Quanqcou kimi sənaye mərkəzləri də Orta Dəhlizə aktiv şəkildə qoşulur.
Bildirilir ki, əldə olunan nəticələr nəzərə alınaraq “4:3” və “3:2” sinxronlaşdırılmış modellərinin tətbiqinin genişləndirilməsi və TBNM üzrə ilboyu müntəzəm daşımaların təmin edilməsi planlaşdırılır.
