Azərbaycan.media xəbər verir ki, Bakıda Azərbaycanın əfsanəvi futbolçusu **Anatoli Banişevski**nin abidəsi qoyulacaq.
Mərhum hücumçunun həyat yoldaşı İnna Banişevskayaya istinadla məlumat yayıb.
Onun sözlərinə görə, futbolçunun 80 illik yubileyi münasibətilə keçirilən görüş zamanı **Azərbaycan Futbol Federasiyaları Assosiasiyası**nın baş katibi Cahangir Fərəcullayev belə bir təşəbbüsün olduğunu bildirib.
“Yubiley mərasimindən əvvəl Cahangir müəllimlə görüşüm oldu. O, stadionlardan birinin qarşısında Banişevskinin abidəsinin qoyulacağını bildirdi. Baş katib hələlik dəqiq məkanın müəyyənləşmədiyini və seçim apardıqlarını söylədi. Sadəcə, abidənin stadion qarşısında qoyulacağını dedi. Amma hansı arenanın önündə olacağını bilmirəm”, – deyə İnna Banişevskaya qeyd edib.
Qeyd edək ki, Neftçi PFK klubunun heyətində çıxış etmiş Anatoli Banişevskinin 80 illik yubileyi münasibətilə komanda “Palms Sports Arena”dakı “Cənub” tribunasına onun adını verib.
