Azərbaycan.media xəbər verir ki, Çexiyanın yeni xarici işlər naziri Petr Maçinka BMT Baş Assambleyasındakı çıxışı zamanı Rusiyanı kəskin tənqid edib.
Populist siyasi çevrələrə yaxınlığı və daha çox Macarıstan və Slovakiya rəhbərliyi ilə eyni xəttdə göstərilməsinə baxmayaraq, Maçinka iclasda gözlənilməz mövqe sərgiləyib.
O, çıxışı zamanı birbaşa Rusiyanın xarici işlər naziri **Sergey Lavrov**a müraciət edərək bildirib ki, heç bir böyük dövlət reallığa qalib gələ bilməz:
“Siz müvəqqəti olaraq hansısa əraziyə nəzarət edə bilərsiniz. Müvəqqəti olaraq narrativlərə nəzarət edə, təbliğat yarada və onu istiqamətləndirə bilərsiniz. Amma zamanı özünüzə tabe etdirə bilməzsiniz. Zaman həmişə təhlükəsizlikdən kimin danışdığını və kimin bu təhlükəsizliyi məhv etdiyini göstərəcək.”
Nazir Rusiyanın Ukraynaya qarşı apardığı müharibəyə toxunaraq təhlükəsizlik narahatlıqlarının hərbi müdaxilə ilə əsaslandırıla bilməyəcəyini vurğulayıb:
“Narahatlıqlar qanuni ola bilər. Amma işğal – heç vaxt. Raketlər arqument deyil. Mən sizin raketlərinizi öz uğursuzluğunuzun fiziki etirafı hesab edirəm.”
Maçinka qeyd edib ki, böyük dövlətin gücü müharibəyə başlamaqda deyil, onu dayandırmaq bacarığındadır. O, Rusiyanın dörd il ərzində daha təhlükəsiz olub-olmaması sualını da gündəmə gətirib və əlavə edib ki, əgər cavab mənfidirsə, seçilmiş yolun ölkəyə real təhlükəsizlik gətirmədiyi aydın olur.
Çexiyalı nazir çıxışının sonunda müharibənin dayandırılmasının vaxtının çatdığını vurğulayıb:
“Siz ərazini işğal edə bilərsiniz, amma gələcəyi işğal edə bilməzsiniz. Dörd il keçib, vaxt bitir. Nəhayət, bu müharibəni dayandırmağın vaxtı çatıb.”
