Azərbaycan.media xəbər verir ki, yaponiya texnologiya şirkəti SkyDrive Tokioda 12 elektrik mühərriki ilə işləyən “SD-05” uçan taksisini uğurla sınaqdan keçirib.
Bir pilot və iki sərnişin daşımaq qabiliyyətinə malik “SD-05”-in nümayiş uçuşu təhlükəsizlik protokollarına uyğun olaraq uzaqdan və pilotsuz həyata keçirilib.
Avtomobil Tokio körfəzi üzərində təxminən 3 dəqiqə yarım uçaraq 150 metr məsafə qət edib.
SkyDrive-ın baş direktoru Tomohiro Fukuzava bildirib ki, uçan avtomobilin 2028-ci ildə Yaponiyada kommersiya istifadəsinə başlaması hədəflənir: “Bu modelin əvvəlcə kommersiya məqsədli istifadəsi planlaşdırılır. 2030-cu ildən sonra isə nəqliyyat xərcləri taksi ilə gediş haqqının yarısı və ya daha az ola bilər”.
Qeyd olunur ki, 15–40 kilometr məsafə qət edən “SD-05”, ənənəvi helikopterlərlə müqayisədə daha dar ərazilərə enmə qabiliyyətinə malik olduğundan şəhər hava nəqliyyatında əhəmiyyətli alternativ hesab edilir.
