🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Qadını hədəfə almaq siyasi mübarizə deyil – bu, mənəvi sərhədlərin aşılmasıdır

Azərbaycan.media xəbər verir ki, ictimai müzakirələrdə və siyasi polemikada qadın adından manipulyasiya vasitəsi kimi istifadə olunması cəmiyyət üçün təhlükəli tendensiya kimi qiymətləndirilir.

Bir qadını hədəfə almaq siyasi mübarizə deyil. Bu, arqumentin, ideyanın və mövqenin tükəndiyi nöqtədir. Faktın, sübutun və əsaslandırılmış tənqidin olmadığı yerdə qadın adı üzərindən şayiə yaymaq ən primitiv manipulyasiya üsullarından biridir. Məqsəd nəyisə isbatlamaq yox, şübhə yaratmaqdır. Halbuki şübhə çox zaman fakt qədər səs-küylü, bəzən isə daha qalıcı olur.

Sosial şəbəkələrin məsafəli və məsuliyyətsiz mühiti bəzi hallarda tənqidi qarayaxmaya, analizi təhqirə, mövqeni isə şəxsi həyatın linçinə çevirir. Bu mərhələdə nə sağlam jurnalistika qalır, nə də siyasi polemika. Ortada yalnız zəhərli ritorika qalır.

Burada məsələ konkret bir ad və ya bir ailə deyil. Söhbət mexanizmdən gedir. Qadını siyasi silaha, ailəni təzyiq alətinə, şəxsi həyatı isə hücum obyektinə çevirmək artıq cəmiyyətin mənəvi sərhədlərinin aşılması deməkdir. Bu, təkcə etik problem yox, mənəvi terror formasıdır.

Ən təhlükəli məqam isə bu hücumların “qadın haqları”, “azadlıq”, “demokratiya” kimi anlayışların arxasında gizlənərək aparılmasıdır. Hüquqdan danışaraq ləyaqəti tapdalamaq, azadlıq deyərək linç etmək ideoloji mübarizə yox, əxlaqi iflasdır.

Belə kampaniyalar cəmiyyətə açıq mesaj verir: “Fərqli mövqe ortaya qoysan, hədəfə çevriləcəksən.” Bu gün bir tanınmış ailəyə yönələn hücum sabah istənilən qadına qarşı tətbiq oluna bilər. Bir dəfə normallaşdırılan linç dayanmaz – sadəcə ünvanını dəyişər.

Burada artıq hakimiyyət–müxalifət müstəvisindən danışmaq mümkün deyil. Sərhəd əxlaqla əxlaqsızlıq arasındadır. Müxalif olmaq məsuliyyətsiz olmaq demək deyil. Siyasi tənqid hüququ böhtan haqqı vermir. İddia varsa, sübut təqdim olunmalıdır. Sübut yoxdursa, susmaq ən azı ləyaqət tələbidir.

Cəmiyyətin borcu da susmaq deyil. Cəmiyyət bu dili qəbul etməməli, bu ritorikanın normallaşmasına imkan verməməlidir. Bu gün bir qadının adına səssiz qalanlar sabah öz ailələrinin də eyni hücumlarla üzləşə biləcəyini unutmamalıdır.

Qadın üzərindən aparılan “mübarizə” mübarizə deyil – bu, cəmiyyəti içindən çürüdən təhlükəli prosesdir. Onun nəticəsi siyasi qələbə yox, mənəvi məhvdır.

Bu, bir qadının imtahanı deyil. Bu, hamımızın imtahanıdır.

Ya ləyaqətin, mənəvi dəyərlərin yanında dayanacağıq, ya da susaraq çürümənin bir hissəsinə çevriləcəyik.