🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Aeroport şosesində hərəkət məhdudlaşdırılacaq – saatlar açıqlandı

Azərbaycan.media xəbər verir ki, fevralın 21-də paytaxtın Suraxanı rayonu, Aeroport şosesində (“Buta Palace” yaxınlığı) yeni quraşdırılan elektron məlumat-sürət tablolarının yerləşdiyi metal konstruksiyada son tamamlama işləri aparılacaq.

Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, Aeroport şosesinin hər iki istiqamətində saat 02:30-dan 05:15-dək hərəkət tam dayandırılacaq və nəqliyyat vasitələri alternativ yollara yönləndiriləcək.

Məlumata əsasən, fevralın 21-də saat 00:00-dan 05:45-dək Hava limanı yolunda – Hava limanı körpüsündən Koroğlu metro stansiyası istiqamətində, saat 02:00-dan 05:15-dək isə “Koroğlu” metro stansiyasından (Suraxanı dairəsi üzərindəki yol ötürücüsündən) Hava limanı istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq.

Alternativ marşrut kimi, Mərdəkan şosesindən gələnlər (Hava limanı istiqamətində məhdudiyyət tətbiq olunmur) Zığ şosesinə yönləndiriləcək. Şəhər istiqamətindən gələn sürücülər isə Suraxanı rayonu ərazisində Xanlar Ələkbərov və 14 İyul küçələri vasitəsilə hərəkət edə biləcəklər. Həmçinin şəhərdən Hava limanı istiqamətinə alternativ olaraq 8 Noyabr prospektindən Zığ yoluna keçməklə də istifadə etmək mümkün olacaq.

Qeyd edilib ki, məhdudiyyət müddətində alternativ yollarda nəqliyyatın rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yol polisi tərəfindən zəruri tədbirlər görüləcək.