Azərbaycan.media xəbər verir ki, Dağıstan ərazisində güclü yağışların yaratdığı fəsadların aradan qaldırılması istiqamətində xilasetmə işləri davam etdirilir. Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına əsasən, beş bələdiyyə üzrə 516 yaşayış evi, 556 həyətyanı sahə və 45 avtomobil yolu sahəsi su altında qalıb. Hazırda 16 müvəqqəti yerləşdirmə məntəqəsində 523 nəfər, o cümlədən 173 uşaq yerləşdirilib.
Çeçenistan Respublikasında isə yağış suları tamamilə çəkilib və su basmış ərazilər qalmayıb. Hazırda bölgədə bərpa işləri aparılır, dəymiş ziyanın qiymətləndirilməsi üçün xüsusi komissiyalar fəaliyyət göstərir.
Əlverişsiz hava şəraitinin nəticələrinin aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin aviasiya vasitələri ilə yanaşı, ümumilikdə 3 300-dən çox şəxsi heyət və 700-dən artıq texnika səfərbər olunub.
Qeyd edək ki, mart ayının sonu və aprelin əvvəllərində Dağıstanın bir sıra rayonlarında intensiv yağıntılar qeydə alınıb. Bu, ciddi daşqınlara və yaşayış evlərinin dağıdılmasına səbəb olub. Nazirliyin məlumatına görə, təbii fəlakət nəticəsində 6 nəfər həyatını itirib. Ümumilikdə fövqəladə vəziyyət zonasına 1,5 milyona yaxın sakin düşüb, 1 300-ü uşaq olmaqla 6 229 nəfər təxliyə edilib.
Dağıstan və qonşu Çeçenistanda federal səviyyədə fövqəladə vəziyyət elan olunub.
