Azərbaycan.media xəbər verir ki, “Güclü Ermənistan Partiyası”nın lideri, ev həbsində olan iş adamı Samvel Karapetyan İrəvanın Azadlıq meydanında keçirilən mitinq iştirakçılarına video müraciət ünvanlayaraq hakimiyyətə gələcəyi təqdirdə genişmiqyaslı vədlər səsləndirib.
O, 300 min yeni iş yerinin yaradılacağını, Rusiya ilə strateji ittifaqın bərpa ediləcəyini, diaspora ilə əlaqələrin gücləndiriləcəyini və Erməni kilsəsinin rolunun artırılacağını bildirib.
Müraciətdə həmçinin o, baş nazir Nikol Paşinyan tərəfindən səsləndirilən “müxalifət hakimiyyətə gələrsə, Azərbaycanla müharibə başlaya bilər” fikrinə cavab olaraq müharibə niyyətində olmadığını vurğulayıb.
Siyasi şərhçi Elxan Şahinoğlu isə mövzu ilə bağlı bildirib ki, Karapetyan çıxışında Azərbaycanla sülh prosesi, konstitusiya islahatları və “Tramp yolu” layihəsi barədə mövqe bildirməyib, əksinə “Artsaxda etnik təmizləmə” iddiasını səsləndirib.
Şahinoğlu hesab edir ki, belə açıqlamalar regionda sülh gündəliyinə mənfi təsir göstərə bilər və Ermənistan daxilində seçki kampaniyasının gərgin ritorika ilə davam etdiyini göstərir. O, həmçinin bu cür bəyanatlara rəsmi Bakının münasibət bildirməsinin vacibliyini qeyd edib.
Qeyd edək ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.
