🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Professor Qulu Məhərrəmli: “Müharibədənsə danışıq, sülh və razılaşma daha üstündür”

Media eksperti və professor Qulu Məhərrəmli ABŞ və İran arasında keçirilən danışıqlarla bağlı Azərbaycan.media saytının suallarını cavablandırıb.

 

Azərbaycan.media: 

 

– Qulu müəllim, ABŞ və İran arasında keçirilən danışıqları necə qiymətləndirirsiniz? Bu görüşlərin region və dünya üçün əhəmiyyəti nədən ibarətdir?

 

Qulu Məhərrəmli:

 

– “İslamabadda (Pakistan) ABŞ-İran danışıqlarının başlanması beynəlxalq siyasətdə diqqətlə izlənilən mühüm hadisədir. Bu görüş təkcə iki dövlət arasındakı münasibətlər baxımından deyil, həm də regional və qlobal təhlükəsizlik mühitinə təsir imkanlarına görə böyük əhəmiyyət daşıyır. Görüşdə Amerikadan 3, İrandan isə 71 nəfərin iştirak etməsi tərəflərin məsələyə nə qədər ciddi və məsuliyyətli yanaşdığını göstərir. Bu, eyni zamanda, müzakirələrin geniş spektrli və çoxşaxəli xarakter daşıdığını deməyə əsas verir.
Bununla belə, açığını desəm, bu danışıqlardan ciddi və qəti nəticə əldə olunacağına ümidim böyük deyil. Mövcud geosiyasi reallıqlar, tərəflər arasında illərdir davam edən etimadsızlıq və dərin siyasi ziddiyyətlər razılaşmanın əldə edilməsini xeyli çətinləşdirir. Bu qarşıdurmanın tarixi kökləri və strateji maraqların toqquşması prosesin mürəkkəbliyini daha da artırır.
Buna baxmayaraq, dialoqun özü müsbət və ümidverici haldır. Qoy danışsınlar, fikir mübadiləsi aparsınlar və ortaq məxrəcə gəlməyə çalışsınlar. Çünki tarix sübut edir ki, münaqişələrin həllində ən doğru və səmərəli yol danışıqlar və diplomatik vasitələrdir. Diplomatiya bəşəriyyətin əldə etdiyi ən mühüm siyasi alətlərdən biridir və onun alternativi çox vaxt dağıdıcı müharibələr olur.
Müharibə yalnız dağıntı, insan itkisi və qeyri-sabitlik gətirir. Silahlı qarşıdurmalar xalqların rifahını sarsıdır, regionlarda uzunmüddətli gərginlik yaradır və beynəlxalq təhlükəsizliyə ciddi təhdidlər formalaşdırır. Buna görə də müharibədənsə danışıq, qarşılıqlı anlaşma, sülh və razılaşma daha üstündür.
Dünya sabitliyinin qorunması üçün tərəflər kompromisə getməli, qarşılıqlı etimadın bərpasına çalışmalı və diplomatiyanın imkanlarından maksimum istifadə etməlidirlər. Qlobal təhlükəsizlik məhz belə məsuliyyətli və uzaqgörən qərarlardan asılıdır.”

 

Müəllif: Fuad Biləsuvarlı

Mənbə: Azərbaycan.media