Azərbaycan.media xəbər verir ki, Pakistanın paytaxtı İslamabadda ABŞ və İran nümayəndə heyətləri arasında danışıqların üçüncü raundu başlayıb.
Bu barədə “Report” Islamic Republic of Iran Broadcasting-ə (IRIB) istinadən məlumat yayıb. Bildirilir ki, görüşlər Pakistan rəsmilərinin vasitəçiliyi ilə üçtərəfli formatda keçirilir.
Məlumata görə, tərəflər bundan əvvəl ekspertlər səviyyəsində və dar tərkibdə müzakirələr aparıblar. İran Dövlət Televiziyası bu raundu ümumi razılaşmaya nail olmaq üçün “son şans” kimi qiymətləndirir.
Danışıqlar uzadıla bilər
“Tasnim News Agency danışıqların daha bir gün uzadıla biləcəyini bildirib. Qeyd olunur ki, texniki məsələlərin müzakirəsi davam edir və yekun qərar hələ verilməyib.
Eyni zamanda, Reuters Pakistan mənbələrinə istinadən danışıqların təxminən iki saat davam etdiyini və tərəflərin fasiləyə çıxdığını yazıb.
Görüşlər birbaşa formatda keçirilir
CNN-in məlumatına görə, bu dəfə ABŞ və İran rəsmiləri arasında müzakirələr birbaşa formatda aparılır. İran mənbələri də üzbəüz görüşlərin baş tutduğunu təsdiqləyib. Daha əvvəlki mərhələlər əsasən Omanın vasitəçiliyi ilə dolayı şəkildə keçirilmişdi.
Nümayəndə heyətlərinin tərkibi
Danışıqlarda İran nümayəndə heyətinə ölkə parlamentinin sədri Məhəmmədbaqer Qalibaf rəhbərlik edir. Heyətdə xarici işlər naziri Abbas Əraqçi, digər yüksək vəzifəli rəsmilər də iştirak edir.
ABŞ nümayəndə heyətinə isə vitse-prezident J. D. Vance başçılıq edir. Nümayəndə heyətinə həmçinin ABŞ prezidentinin kürəkəni Jared Kushner və Yaxın Şərq üzrə xüsusi elçi Steve Witkoff daxildir.
Vasitəçi qismində çıxış edən Pakistanı Baş nazir Şahbaz Şərif, xarici işlər naziri İshaq Dar və ordu qərargah rəisi Asim Munir təmsil edir.
Atəşkəsdən sonra yeni diplomatik mərhələ
Məlumata görə, fevralın 28-də başlayan qarşıdurmadan sonra 8 apreldə əldə edilən müvəqqəti atəşkəs Vaşinqton və Tehran arasında daimi razılaşmaya nail olmaq üçün danışıqlara zəmin yaradıb. Görüşlərdən əvvəl tərəflər Pakistanın Baş naziri ilə ayrı-ayrılıqda məsləhətləşmələr aparıblar.
Analitiklərin fikrincə, İslamabad danışıqları regionda sabitliyin təmin olunması və nüvə proqramı ilə bağlı gərginliyin azaldılması baxımından mühüm əhəmiyyət daşıyır.
