Azərbaycan.media xəbər verir ki, Macarıstanda keçirilən parlament seçkiləri əsas müxalif qüvvə olan Tisza Partiyasının qələbəsi ilə başa çatıb. Müxalifət parlamentdə 138 yer qazanaraq Baş nazir Viktor Orbanın 16 illik hakimiyyətinə son qoyub. Seçkilərin qalibi olan partiyanın lideri Péter Magyar isə Avropa siyasətinin diqqət mərkəzinə çevrilib.
Peter Magyar kimdir?
Məlumata görə, Péter Magyar uzun illər dövlət idarəçiliyi və biznes strukturlarında fəaliyyət göstərib. O, dövlət şirkətlərində müxtəlif vəzifələr tutub və hakim Fides partiyası ilə əlaqələri olub.
Siyasətçi geniş tanınmanı 2024-cü ilin əvvəlində hakimiyyətlə açıq qarşıdurmaya girməsi və ölkədə idarəetmə sistemini kəskin tənqid etməsi nəticəsində qazanıb. Onun çıxışları cəmiyyətdə böyük rezonans doğurub və etiraz əhval-ruhiyyəsini gücləndirib.
Təhsili və ailə kökləri
Péter Magyar 16 mart 1981-ci ildə Budapeşt şəhərində nüfuzlu hüquqşünas ailəsində anadan olub. Valideynləri hüquq sahəsində çalışıb, bu səbəbdən onun da hüquq təhsili alması təbii hesab olunur. O, paytaxtın elit Piarist katolik məktəbini bitirib.
Onun qohumu, tanınmış hüquqşünas və siyasətçi Ferenc Mádl 2000–2005-ci illərdə Macarıstanın prezidenti vəzifəsini icra edib.
Siyasi fəaliyyəti
Magyar 12 il “Fides” partiyasının üzvü olub. Partiya 2010-cu ildə hakimiyyətə gəldikdən sonra o, Xarici İşlər Nazirliyində çalışıb və daha sonra Macarıstanın Avropa İttifaqı yanındakı daimi nümayəndəliyində fəaliyyət göstərib.
2024-cü ilin fevralında o, “Fides”dən ayrıldığını elan edərək siyasi elitanı korrupsiya və qohumbazlıqda ittiham edib. Bundan sonra Viktor Orbanın əsas rəqiblərindən birinə çevrilib.
Şəxsi həyatı və baxışları
Péter Magyarın keçmiş həyat yoldaşı, Macarıstanın sabiq ədliyyə naziri Judit Varga olub. Onların üç övladı var.
Siyasətçi özünü baş nazirliyə namizəd kimi təqdim etməsə də, siyasi ənənəyə görə seçkidə qalib gələn partiyanın siyahısına rəhbərlik edən şəxs hökuməti formalaşdırır. Bu baxımdan, Magyar ölkənin yeni siyasi lideri kimi qiymətləndirilir.
Onun mövqeyi pro-Avropa yönümlü hesab olunsa da, Ukraynaya silah verilməsinə və ölkənin Aİ-yə sürətli qəbuluna ehtiyatla yanaşır. Eyni zamanda, Macarıstanın 2035-ci ilə qədər Rusiya enerji resurslarından asılılığının azaldılmasını dəstəkləyir.
