Azərbaycan.media xəbər verir ki, bu il aprelin 1-nə ölkədə dövlət qeydiyyatında olan kommersiya qurumlarının sayı 206 986-ya çatıb. Bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.
Məlumata görə, qeyd olunan göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,8 faiz çoxdur. Cari ilin mart ayında isə 750 kommersiya qurumu dövlət qeydiyyatından keçib. Onların 91,3 faizi yerli, 8,7 faizi isə xarici investisiyalı müəssisələrdən ibarətdir.
Bildirilib ki, kommersiya qurumlarının 86,9 faizi elektron qaydada qeydiyyata alınıb. 2026-cı ilin yanvar–mart aylarında qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 97,2 faiz təşkil edib.
Aprelin 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərinin 92,1 faizi məhdud məsuliyyətli cəmiyyət (MMC) formasında yaradılıb.
Bundan əlavə, hesabat dövründə respublika üzrə uçotda olan vergi ödəyicilərinin sayı 1 696 283 olub. Onların 86,8 faizini fiziki şəxslər, 13,2 faizini isə hüquqi şəxslər və digər təşkilatlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 5,1 faiz artıb. Bu artım fiziki şəxslər üzrə 4,9 faiz, hüquqi şəxslər üzrə isə 6,2 faiz təşkil edib.
