Azərbaycan.media xəbər verir ki, aprelin 14-də ölkə üzrə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinin APA-ya verdiyi məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Bəzi ərazilərdə fasilələrlə yağış yağacağı ehtimal edilir. Günün ikinci yarısında isə yağıntıda fasilə yaranacaq.
Gün ərzində mülayim şimal-qərb küləyi gündüz saatlarında cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 8–10°, gündüz isə 14–17° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək, nisbi rütubət isə 65–75 faiz təşkil edəcək.
Rayonlarda isə hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı keçəcəyi, dağlıq ərazilərdə isə qar yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı bölgələrdə qısamüddətli intensiv yağıntıların olma ehtimalı var. Axşama doğru yağıntıların tədricən kəsiləcəyi bildirilir. Bəzi yerlərdə arabir duman müşahidə oluna bilər.
Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6–9° isti, gündüz 14–19° isti, dağlıq ərazilərdə isə gecə 3–8° şaxta, gündüz 0–3° şaxta arasında dəyişəcək.
