Azərbaycan.media xəbər verir ki, Ukrayna vətəndaşlarına Macarıstana səyahətdən çəkinməklə bağlı verilmiş tövsiyə ləğv olunub. Bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa açıqlama verib.
Nazirin sözlərinə görə, Ukrayna Macarıstanda keçirilən seçkilərin nəticələrinin iki ölkə arasında münasibətlərin normallaşmasına töhfə verəcəyinə ümid edir.
“Qarşıda ortaq məxrəc tapmaq, qarşılıqlı hörməti bərpa etmək və ümumi maraqları reallaşdırmaq üçün əziyyətli, praqmatik və sakit iş durur”, – deyə o bildirib.
Qeyd edək ki, ötən gün Macarıstanda keçirilən parlament seçkilərində müxalif Tisa Partiyası Baş nazir Viktor Orbanın rəhbərlik etdiyi hakim koalisiyaya qalib gəlib. Bu nəticələrin rəsmi Kiyev və Budapeşt arasında münasibətlərə müsbət təsir göstərəcəyi gözlənilir.
