🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

ABŞ İrana qarşı məhdud hərbi zərbələri bərpa etməyi müzakirə edir

Azərbaycan.media xəbər verir ki, Amerika Birləşmiş Ştatları rəhbərliyi İrana qarşı məhdud hərbi zərbələrin yenidən başlanması variantını müzakirə edir.
Məlumata görə, bu barədə The Wall Street Journal nəşri yazıb. Bildirilir ki, ABŞ Prezidenti Donald Trump və onun müşavirləri İslamabadda keçirilən nəticəsiz danışıqlardan sonra bu addımı nəzərdən keçirirlər.
Qeyd olunur ki, Vaşinqton bu yolla Tehranın müəyyən güzəştlərə getməsinə nail olmağı hədəfləyir. Eyni zamanda, genişmiqyaslı bombardmanların bərpası ehtimalı da istisna edilmir. Lakin belə bir addımın regionda vəziyyəti daha da gərginləşdirə və ABŞ-ı uzunmüddətli münaqişəyə cəlb edə biləcəyi vurğulanır.
Məlumatda hər iki ssenarinin ciddi risklər daşıdığı bildirilir. Genişmiqyaslı əməliyyatların ABŞ-ın silah ehtiyatlarının azalmasına səbəb ola biləcəyi, məhdud zərbələrin isə Tehran tərəfindən qələbə kimi qiymətləndirilə biləcəyi qeyd edilir.
Xatırladaq ki, aprelin 11-də ABŞ və İran arasında İslamabadda bir neçə raund danışıqlar keçirilib. İran nümayəndə heyətinə Məhəmməd Baqer Qalibaf, ABŞ tərəfinə isə vitse-prezident Cey Di Vens rəhbərlik edib. Danışıqların yekununda tərəflər uzunmüddətli razılıq əldə edə bilməyiblər.