Azərbaycan.media xəbər verir ki, Kolumbiyanın Boqota şəhərində fəaliyyət göstərən “Knightsbridge Schools International” məktəbi tərəfindən “Dünya mətbəxinin ləzzətləri” adlı beynəlxalq mədəni tədbir təşkil edilib. Multikultural dəyərlərin təşviqi və müxtəlif xalqların kulinariya ənənələrinin tanıdılması məqsədi daşıyan tədbirdə ölkəmiz Kolumbiyadakı diplomatik nümayəndəliyimizin dəstəyi ilə uğurla təmsil olunub.
Tədbir zamanı Azərbaycanın zəngin milli mətbəxindən seçilmiş nümunələr qonaqlara təqdim olunub. İştirakçılar Azərbaycan təamlarını böyük maraqla qarşılayıb, yeməklərin hazırlanma üsulları, istifadə olunan ərzaqlar və mənşəyi barədə məlumat alıblar. Milli mətbəximizin özünəməxsus dad xüsusiyyətləri tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.
Eyni zamanda, Azərbaycan guşəsində ölkəmizin mədəni irsini əks etdirən milli geyim nümunələri, xalçaçılıq sənətinə dair elementlər və dekorativ-tətbiqi sənət nümunələri nümayiş olunub. Ziyarətçilərə Azərbaycanın tarixi, coğrafiyası və mədəni müxtəlifliyi haqqında da məlumat verilib.
