Azərbaycan.media xəbər verir ki, jurnalist Fəridə Aslanova sosial şəbəkələrdə yaydığı fikirlərdə cəmiyyətdə artan zorakılıq xəbərlərinin, xüsusilə də azyaşlılarla bağlı hadisələrin ciddi narahatlıq doğurduğunu bildirib.
Onun sözlərinə görə, bu gün insanlar sosial şəbəkələr vasitəsilə saysız-hesabsız informasiyaya məruz qalır və təəssüf ki, pozitiv xəbərlər ya azalır, ya da neqativ informasiyaların kölgəsində itib-batır:
“Əhvalı korlayan məlumatlar o qədər çoxdur ki, bəzən onlar haqqında fikir bildirməyə belə insanın ürəyi gəlmir. Çünki həmin paylaşımlara baxış sayı artdıqca gərginlik də artır, bu da gün ərzində insanın psixologiyasına ciddi təsir göstərir”.
Fəridə Aslanova xüsusilə Ağcabədi rayonunda baş vermiş və azyaşlıların iştirakı ilə qeydə alınmış ağır hadisəyə toxunaraq qeyd edib ki, belə xəbərlər insanı sarsıdır və dərin suallar doğurur:
“12 yaşlı uşağın 7 yaşlı uşağa ağır xəsarət yetirməsi ilə bağlı xəbəri oxuyanda bunu dərk etməkdə çətinlik çəkdim. Bir anlıq elə düşündüm ki, yəqin yanlışlıqdır. Təəssüf ki, hadisə həqiqətən baş verib. Zərərçəkmişin valideynlərinin “bizim heç kimlə ədavətimiz olmayıb” deməsi isə vəziyyəti daha da düşündürücü edir”.
Onun fikrincə, əgər ailə daxilində ciddi problem yoxdursa, bu cür zorakılığın kökü kənar təsirlərdə axtarılmalıdır:
“Uşaq ağ kağız kimidir. Ona nə göstərilirsə, nə aşılanırsa, şüurunda iz buraxır. Telefonlar, planşetlər uşaqların əllərindən düşmür. Ovuc içi boyda bir cihaz vasitəsilə dünyanın hər cür neqativini öyrənirlər. Uşaq nədir, kəsici alətlə kiməsə xəsarət yetirmək nədir? Bunu kimdən öyrənir?”
Fəridə xanım vurğulayıb ki, nəzarətsiz internet istifadəsi uşaqlarda asılılıq yaradır və bu, onların real dünyadan uzaqlaşmasına səbəb olur:
“Virtual aləmə həddindən artıq bağlanan uşaqlar zamanla internet aludəçisinə çevrilirlər. Oyunlara, sosial şəbəkə “qəhrəmanlarına” bənzəmək istəyi formalaşır.
Fəridə Aslanova bildirib ki, telefon və sosial şəbəkələr tədricən insanları əsir ala bilir:
“Asılılıq qədər insana düşmən olan ikinci hiss yoxdur. Darıxan kimi telefona sarılmağımız onun artıq siqaret və ya digər zərərli vərdişlər kimi təsir göstərdiyini sübut edir. Bunun kökündə isə bizi müvəqqəti xoşbəxt edən hormonlar dayanır”.
O, həmçinin televiziyada yayımlanan bəzi sosial verilişləri də tənqid edib:
“Həmin proqramlar maarifləndirmədən çox, gərginlik və aqressiya yaradır. Ailələrdə səhərdən axşama qədər televizorun açıq qalması, istər-istəməz, evdəkilərin şüuraltına təsir edir. İnsan nəyi izləyir, nəyi “təbliğ edirsə”, sonda ona da çevrilir.Sonda Fəridə Aslanova valideynlərə çağırış edərək qeyd edib ki, uşaqların həm internetdə, həm də televiziyada izlədikləri məzmun ciddi nəzarətdə saxlanılmalıdır:
“Uşaqlar əlavə, zərərli informasiyalardan qorunmalıdır. Bu, artıq seçim yox, zərurətdir”. Arzulayıram ki, valideynlər övladlarını teatrlarımızla tanış etsinlər, onlara bilik və dəyərlərlə zəngin kitablar oxusunlar.
Mənbə: Azərbaycan.media
