Azərbaycan.media xəbər verir ki, Rusiya qoşunları Xarkov vilayətinin Barvenkovo yaşayış məntəqəsi istiqamətində irəliləməyə cəhd edir. Bu barədə Ukraynanın 429-cu “Axilles” pilotsuz sistemlər alayının komandiri Yuri Fedorenko məlumat verib.
Onun sözlərinə görə, Rusiya tərəfi hələ İkinci Dünya müharibəsi dövrünə aid xəritələrdən istifadə edərək Barvenkovonun strateji əhəmiyyətini dəyərləndirir:
“Rusiya başa düşür ki, Barvenkovoya çıxmaqla Dneprdən Kramatorsk və Slovyanska gedən logistik marşrutları bloklamaq mümkündür. Barvenkovo düşmənin qışın sonu və yazın əvvəlinə qədər çatmaq istədiyi əsas istiqamətlərdən biridir”, – deyə Fedorenko bildirib.
Komandir qeyd edib ki, Kreml bu qovşağın ələ keçirilməsinin Ukrayna ordusunun təchizatında ciddi problemlər yaradacağını düşünür:
“Hazırda İzyum–Kramatorsk–Slovyansk avtomobil yolu düşmənin atəş nəzarəti altındadır. Buna baxmayaraq, mühəndislərimiz böyük işlər görür – yol təhlükəsizlik dəhlizləri ilə möhkəmləndirilir, zərbələrdən sonra örtük bərpa olunur. Düşmən bu məqsədinə çata biləcəkmi? Mənim fikrimcə – yox”, – deyə o əlavə edib.
