Söz insanın varlıq nişanəsidir. İnsan danışaraq mövcudluğunu təsdiq edir. Söz düşüncənin səsidir. Düşüncə görünməzdir. Söz isə görünən həqiqətdir. İnsan danışdığı anda öz daxili aləmini zahirə çıxarır. Bu zahirə çıxış məsuliyyət tələb edir. Çünki insan dediyi sözlə artıq dünyaya müdaxilə edir. Söz neytral deyil. Söz təsir edir. Söz dəyişdirir. Söz yaradır. Söz dağıdır. Buna görə sözün arxasında dayanmaq insanın yaratdığı təsirə sahib çıxması deməkdir. İnsan söz deyib geri çəkiləndə öz izini inkar etmiş olur. Bu isə varlığın inkarıdır. Fəlsəfi baxımdan insanın ən böyük faciəsi özünə yadlaşmasıdır. Özünə yadlaşma sözlə əməl arasındakı uçurumdan başlayır. İnsan dediyini etmədikcə içində parçalanma yaranır. Bu parçalanma zamanla xarakteri zəiflədir. Zəif xarakter isə mövqesiz insan yaradır. Mövqesiz insan axınla gedir. Axınla gedən isə öz yolu olmayan varlıqdır. Öz yolu olmayan insan başqasının iradəsi ilə yaşayır. Sözün arxasında dayanmaq öz yolunu qorumaqdır. Öz yolunu qoruyan insan azad olur. Azadlıq istədiyini etmək deyil. Azadlıq öz dediyinə sadiq qalmaqdır. Sözün fəlsəfi yükü ondadır ki o insanla zaman arasında bağ yaradır. İnsan bu gün dediyi sözlə gələcəkdə kim olacağını müəyyən edir. Söz gələcəyin eskizidir. O eskiz dəyişdikcə insanın siması da dəyişir. Sözün arxasında duran insan zaman qarşısında bütöv qalır. Zaman hər şeyi aşındırır. Amma sözünə sadiq olanı aşındıra bilmir. Çünki sadiqlik daxili dayaq yaradır. Daxili dayağı olan insan sarsılmır. Fəlsəfədə bu hal mənəvi sabitlik adlanır. Mənəvi sabitlik olmayan yerdə əxlaq da dağılır. Əxlaq dağılanda isə cəmiyyət mexanizmə çevrilir. İnsanlar ruh deyil funksiya olur. Sözün arxasında dayanmaq ruhu qorumaqdır. Ruh qorunanda insan alətə çevrilmir. Tarix göstərir ki böyük fəlakətlər sözün ucuzlaşdığı dövrlərdə baş verib. Vədin yalan olduğu yerlərdə müharibə başlayıb. Andın dəyərsiz olduğu cəmiyyətlərdə xəyanət adi hala çevrilib. Fəlsəfi baxımdan etibar kollektiv şüurun təməlidir. Etibar yoxdursa birlik mümkün deyil. Birlik olmayan yerdə isə güc zorakılığa çevrilir. Zorakılıq isə həqiqəti susdurur. Sözün arxasında duran cəmiyyətdə isə həqiqət qorunur. Çünki insanlar qorxudan yox vicdandan davranır. Vicdan fəlsəfədə daxili hakimdir. Daxili hakim güclü olanda xarici nəzarət zəifləyir. İnsan özünü özü tənzimləyir. Bu da ən yüksək mədəniyyət formasıdır. Sözün arxasında dayanmaq ailədən başlayır. Valideyn dediyini etməyəndə uşaq reallığa inamını itirir. Uşaq dünyanı qeyri sabit görür. Bu isə şəxsiyyətin təməlini sarsıdır. Dostluqda sözün pozulması insanın tənha qalmasına səbəb olur. Çünki dostluq etibar üzərində qurulur. Etibar itəndə yaxınlıq da itir. Dövlət səviyyəsində sözün pozulması xalqla hakimiyyət arasında uçurum yaradır. Bu uçurum dərinləşdikcə legitimlik zəifləyir. Fəlsəfi baxımdan legitimlik gücdən deyil sözə sədaqətdən doğur. Ədəbiyyatda sözün arxasında dayanmaq yazıçının vicdan borcudur. Yazıçı həqiqəti deməkdən çəkiləndə söz ölər. Söz öləndə cəmiyyət korlaşır. Müasir dövrdə söz daha təhlükəlidir. Çünki söz saniyələr içində yayılır. Deyilən fikir dərhal təsir göstərir. Buna görə məsuliyyət qat qat artır. Sözün arxasında dayanmaq artıq yalnız fərdi məsələ deyil. Bu ümumbəşəri məsələdir. İnsan səhv etdikdə bunu etiraf etməsi də sözün fəlsəfəsinə daxildir. Çünki həqiqət statik deyil. Həqiqət axtarışdır. Amma axtarış məsuliyyətsizlik demək deyil. İnsan öz əvvəlki sözünü yeniləyə bilər. Amma onu inkar edə bilməz. İnkar qaçışdır. Yeniləmə isə inkişafdır. Fəlsəfədə inkişaf ardıcıllıqla mümkündür. Ardıcıllıq olmayan yerdə tərəqqi olmur. Nəticə olaraq sözün arxasında dayanmaq insanın ontoloji bütövlüyüdür. Bu bütövlük pozulanda insan özü ilə əlaqəni itirir. Özünü itirən insan isə cəmiyyət üçün təhlükəyə çevrilir. Söz yaşadıqca vicdan yaşayır. Vicdan yaşadıqca insan mənasını qoruyur. İnsan mənasını qoruduqca dünya boşluğa çevrilmir.
✍ Sevil Azadqızı
Mənbə: Azərbaycan.media
